Mərakeş hüquq-mühafizə orqanları İspaniyanın Afrikanın Aralıq dənizi sahilində yerləşən Seuta muxtar şəhərinə qanunsuz keçməyə hazırlaşan 1,5 minə yaxın şəxsi ölkənin şimal bölgələrindən çıxarıb.
Bu barədə “Hespress” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, son 10 gün ərzində qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində keçirilən xüsusi əməliyyatlar nəticəsində təxminən 1,5 min nəfər Mərakeşin şimal bölgələrindən ölkənin digər ərazilərinə göndərilib.
Onların böyük əksəriyyətinin gənc Mərakeş vətəndaşları olduğu, aralarında yetkinlik yaşına çatmayanların da yer aldığı bildirilir.
Seutaya qanunsuz keçməyə cəhd edərkən saxlanılanlar arasında Saxaradan cənubda yerləşən Afrika ölkələrinin 60-dan çox vətəndaşının olduğu da qeyd edilib.