Azərbaycan XİN rəhbəri Panama parlamentinin sədri ilə görüşüb

Azərbaycan XİN rəhbəri Panama parlamentinin sədri ilə görüşüb
# 06 oktyabr 2015 11:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ruben De Leon Sançezlə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Panama parlamentinin sədri iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfəri yüksək qiymətləndirdiyini vurğulayıb, Azərbaycanın xarici işlər nazirinin səfərinin iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaratdığını qeyd edib.

E. Məmmədyarov isə Panama parlamentinin sədrinə Azərbaycanın siyasi-iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətləri və beynəlxalq səviyyədə qazandığı uğurları haqqında məlumat verib, Azərbaycanın Latın Amerikası və Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin hər iki ölkənin mənafeyinə cavab verdiyini bildirib. Azərbaycan və Panama arasında beynəlxalq təşkilatlar, xüsusən BMT və Qoşulmama Hərəkatı çərçivəsində yaxın əlaqələrin mövcud olduğunu bildirən E. Məmmədyarov əksər məsələlərdə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və doğurduğu fəsadları, həmçinin münaqişənin həlli istiqamətində aparılan danışıqlar barədə parlament sədrinə ətraflı məlumat verən nazir Panama parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, həmçinin Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinə görə təşəkkürünü ifadə edib.

Ruben De Leon Sançez Azərbaycanın inkişafı və Ermənistan-Azərbaycan münaqişəsi haqqında verilən ətraflı məlumata görə təşəkkür edərək ölkəsi üçün də ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin vacib olduğunu qeyd edib. Panama parlamenti tərəfindən qəbul edilmiş sənədin parlamentarilərin əksəriyyətinin iştirak etdiyi ümumi iclasda yekdilliklə qəbul edildiyini vurğulayıb. Azərbaycan haqqında çoxlu müsbət məlumatlara malik olduğunu bildirən sədr Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

E. Məmmədyarov isə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafında parlament diplomatiyasının əhəmiyyətinə diqqət çəkərək Panama parlamentinin sədrinin Azərbaycana səfər niyyətinin alqışlandığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR