Azərbaycanın gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb

Azərbaycanın gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıb
# 21 oktyabr 2014 12:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olmuş və müəyyən edilmişdir ki, İran vətəndaşı Səfər Abdullahivənd adlı şəxs Azərbaycana qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitəni ölkə ərazisində özünün satış ortağı vasitəsi ilə realizə edəcək.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax magistralının 70 km-də Azərbaycan vətəndaşı Abbasov Coşqun Şahlar oğlu özü ilə gətirdiyi narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb, Biləsuvar Gömrük İdarəsinin inzibati binasında Ş. Abbasov satmaq istədiyi sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbanın içərisində olan 2 ədəd gümüşü rəngli, dördbucaqlı formada olan bağlamalarda ümumi xalis çəkisi 1 kiloqram 175 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Esmaeılpour Meshkanbar Bahman Gholamalı oğlunun idarə etdiyi “Samand” markalı, 33 D 357-10 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusunun sağ tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd şəffaf sellofana qablaşdırılmış, xalis çəkisi 950 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR