Növbəti Beynəlxalq PICARD Konfransı gələn il Bakıda keçiriləcək

Növbəti Beynəlxalq PICARD Konfransı gələn il Bakıda keçiriləcək
# 20 sentyabr 2014 15:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi Meksikanın Puebla şəhərində keçirilən IX Beynəlxalq PICARD Konfransı bu gün işini yekunlaşdırıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, konfrans işini əsasən Beynəlxalq Ticarətin Asanlaşdırılması üzrə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Sazişi, beynəlxalq ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin olunmasında gömrük xidmətlərinin rolu, gömrük xidmətində rəqəmsal sistemə keçid problemləri istiqamətlərində keçirilib.

Konfransın açılışında Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya çıxış edərək beynəlxalq ticarətin asanlaşdırılması üzrə ÜGT-nin həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verib. O, eyni zamanda PICARD-ın bu sahədə fəaliyyətini müsbət qiymətləndirmiş və ÜGT-nin bu istiqamətdəki həyata keçirdiyi layihələrə dəstək olaraq daha da təsir dairəsini genişləndirməsini qeyd edib.

Konfransın son günüdə ÜGT Katibliyinin araşdırmalar üzrə fəaliyyəti, ÜGT-nin Tədris və İnkişaf Təşəbbüsünün fəaliyyəti, Amerika və Karib Regionda Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyəti, beynəlxalq ticarətin asanlaşdırılmasında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) rolu və PİCARD Məşvərət Qrupunun üzvlərinin yenidən seçilməsi kimi məsələlər müzakirə olunub.

Konfransda Beynəlxalq Gömrük İnstitutları Şəbəkəsinin katibi Mixail Kaşubskinin təqdimatında 21-23 may 2014-cü ildə Bakı şəhərində keçirilmiş INCU-nun beynəlxalq konfransı haqqında geniş məlumat verilib və bu konfransda qəbul edilən Bakı Bəyannaməsinin müddəaları açıqlanıb. Eyni zamanda təqdimatda xalqımızın mədəniyyətini, adət və ənənələrini özündə əhatə edən konfransın mədəni proqramı haqqında müxtəlif slaydlar göstərilib, Aydın Əliyevə konfransın yüksək səviyyədə təşkil olunması və qonaqpərvərliyə görə INCU rəhbərliyi adından minnətdarlıq bildirilib.

Tədbirin son günündə X Beynəlxalq PICARD konfransının Azərbaycanda keçirilməsi ÜGT rəsmiləri tərəfindən elan edilib. Bununla əlaqədar olaraq, A. Əliyev konfransda çıxış edib. Konfrans iştirakçılarına Azərbaycanın mövcud inkişafı, o cümlədən gömrük xidmətinin nailiyyətləri barədə film nümayiş etdirilib.

Konfrans iştirakçıları ÜGT-nin növbəti PICARD Konfransının Azərbaycanda keçirilməsi fikrini dəstəkləyib.

Tədbir çərçivəsində A. Əliyev K. Mikuriya ilə işçi qaydada görüş keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR