Ağdaşda Milli Məclisə təkrar seçkilərlə bağlı təlim keçirilib

Ağdaşda Milli Məclisə təkrar seçkilərlə bağlı təlim keçirilib
# 31 may 2016 11:56 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Mayın 31-də 90 saylı Ağdaş seçki dairəsi Dairə Seçki Komissiyasının inzibati binasında iyunun 18-də keçiriləcək təkrar seçkilərlə əlaqədar məntəqə seçki komissiyalarının üzvləri üçün 4 günlük təlimlərə start verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə keçirilən təlimdə 10 məntəqə seçki komissiyasının üzvləri iştirak edib. Tədbirdə MSK Katibliyinin təşkilat şöbəsinin baş məsləhətçisi Faiq Bəşirov, informasiya mərkəzinin baş məsləhətçisi Raqif İsmayılov, beynəlxalq əlaqələr şöbəsinin treninq sektorunun müdiri Ramin Nurəliyev əyani vəsaitlərdən istifadə edilməklə komissiyaların üzvlərini seçki prosesi, seçki günü məntəqə seçki komissiyası üzvlərinin vəzifələri, seçki prosesində müstəsna hallar, səsvermə saatlarında tədbirlər, səsvermə günü müşahidəçilərin hüquqları, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə məlumatlandırıblar.

İştirakçılara MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

DSK sədri Nurəddin Nəsibov çıxış edərək seçici siyahıları ilə iş aparılması, seçkiqabağı təşviqatın təşkilinə şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması barədə danışıb.

Təlim iyunun 3-dək davam edəcək. Hər gün 10 məntəqə seçki komissiyası üzvlərinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR