Paşha Bank
Bank Of Baku

Lənkəranda Allahşükür Paşazadənin anadan olmasının 70 illiyinə həsr olunmuş regional konfrans keçirilib

Lənkəranda Allahşükür Paşazadənin anadan olmasının 70 illiyinə həsr olunmuş regional konfrans keçirilib
# 08 iyun 2019 16:57 (UTC +04:00)

Lənkəranda Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr olunmuş regional konfrans keçirilib.

APA-nın xəbərinə görə, “Şeyxülislam Allahşükür Paşazadə-70 : mənəviyyata həsr olunmuş ömür” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər işçiləri, Milli Məclisin üzvləri, tanınmış ictimai-siyasi xadimlər, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq ilk tədbirin onun doğulub boya-başa çatdığı Lənkəranda keçirilməsi lənkəranlılar tərəfindən böyük sevinclə qarşılanıb. Allahşükür Paşazadə dindarlıq fəaliyyətinə Sovetlər İttifaqında ateizmin tüğyan etdiyi bir dövrdə başlayıb. Onun Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri təyin olunmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olub.

Diqqətə çatdırılıb ki, 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsi ilə bağlı Allahşükür Paşazadə SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçova ünvanladığı ittiham dolu bəyanatda onu “cani” adlandırıb.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən danışıb: “Şeyxülislam istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı sülhməramlı missiya daşıyıb, xalqın həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 80-90-cı illərində xalqımızın öz soykökünə, mənəviyyatına, dilinə, dininə qayıdışında Şeyxülislamın şəxsi rolunu, onun rəhbərlik etdiyi dini idarənin əməli fəaliyyətini görməmək mümkün deyil. O, Azərbaycanda baş verən daxili çəkişmələrə, müstəqilliyimizə kölgə salanlara qarşı din xadimi kimi, vətəndaş kimi öz qəti mövqeyini nümayiş etdirib”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında da Şeyxülislamın xidmətləri danılmazdır: “Allahşükür Paşazadə müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində yaxından iştirak edib”.

Konfransda çıxış edən Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fəzail Ağamalı, Fəzail İbrahimli, QMİ-nin Masallı bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə Şeyxülislam Alahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edərək onun ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən danışıblar.

QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirərək Ulu Öndərlə bağlı xatirələrini danışıb.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Sonda yubilyara Lənkəranda toxunmuş xalça hədiyyə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR