Nazirlər Kabinetinin illik hesabatının Milli Məclisdə müzakirəsi zamanı deputatlar müxtəlif təkliflər səsləndiriblər

Nazirlər Kabinetinin illik hesabatının Milli Məclisdə müzakirəsi zamanı deputatlar müxtəlif təkliflər səsləndiriblər
# 17 mart 2015 15:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi davam edib.

APA-nın məlumatına görə, deputat Fazil Mustafa müəllimlərin əmək haqqının 33% artımı ilə bağlı bu il yanvarın 1-dən qüvvəyə minən sərəncamdan danışıb. F. Mustafa həmçinin icbari sığortanın tətbiqi ilə bağlı qərar qəbul etməyin vaxtı çatdığını qeyd edib: “Bunun olmaması, əhalinin aztəminatlı hissəsinin büdcəsindən sağlamlıq xərclərinə böyük vəsaitin ayırmasına gətirib çıxarır”.

Deputat Çingiz Qənizadə isə regionlarda yeni iş yerlərinin açılmasına fikir verilməsinin zəruriliyini qeyd edib. O, xarici layihələrin regionlarda reallaşdırılmasını təklif edib: “Bu, yeni iş yerləri, insanların şəhərdən rayonlara qayıtması deməkdir”.

Deputat bu ildən hava limanı ilə Bakı şəhəri arasında ictimai nəqliyyatın bərpasına başlanmasını da təklif edib: “Əvvəla, sərnişindaşımanın həcmi artıb. Ölkəyə çoxlu turist gəlir. Amma təəssüf ki, hava limanına şəhərdən hər hansı ictimai nəqliyyat növü fəaliyyət göstərmir”.

Ç. Qənizadə bildirib ki, özəl xəstəxanalarda qiymətlərin baha olması insanları narahat edir. Bəzən adi müayinələrin 200 manata çatdığını deyən millət vəkili bu qiymətlərin nizamlanmasının vacib olduğunu qeyd edib.

Deputat İqbal Ağazadə isə qeyd edib ki, Azərbaycan hökuməti iqtisadiyyatın fərqli doktrinasını hazırlamalıdır. O hesab edir ki, kənd təsərrüfatı istehsalçıları üçün həvəsləndirici addımlar atılmalıdır: “Dünya praktikasına görə, xaricə məhsulunu çıxarmaq istəyənlər üçün ayrıca stimullaşdırıcı addımlar atılır. Məsələn, 18%-lik ƏDV-nin 3 ay sonra ödənilməsi məsələsinin tətbiqi həm yerli bazarın təminatı baxımından, həm də kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılmasına təkan verə bilər".

Fəzail İbrahimli Cəlilabad-Yardımlı yolunun təmirinin uzanmasından narahat olduğunu deyib. Millət vəkili hökumətin bu məsələyə diqqət yetirməsini xahiş edib.

Zahid Oruc isə devalvasiyanın yaradacağı inflyasiyanın səviyyəsinə diqqət yetirməyi vacib sayıb: “Devalvasiya özünün 1\10 səviyyəsində inflyasiya yaradacaq. Bu, iqtisadiyyatların xarakterindən asılı deyil. Düşünürəm ki, dövlət bütün digər ölkələrdə olduğu kimi kəskin devalvasiyadan sonrakı addımları atmalıdır. O da nədən ibarətdir? Biz büdcəyə yenidən baxmalıyıq. Gömrük rüsumları, vergi dərəcələr, bank faizləri yönündə addımlar atmaq lazımdır ki, təbii iqtisadi metodlarla bu qiymətləri qoruyaq. Təbii ki, ajiotaj qiymətləri hələ ki, indi məhsulların üzərindədir. Baxmayaraq ki, dollarla gələn mallar hələ bu qədər deyil. Amma əminəm ki, sonrakı dövrdə bizim hökumət tərəfindən atılan addımlar qiymət artımının qarşısını alacaq”.

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, məmur-deputat münasibətləri barədə danışıb. o, deputatların bəzi məmurların qəbuluna düşə bilməməsindən gileylənib.

Jalə Əliyeva hökumətin hesabatını yüksək dəyərləndirərək, ötən ili Azərbaycanın inkişafında əhəmiyyətli il olduğunu deyib. Deputat bildirib ki, ötən il onun seçildiyi Ucar və Zərdab rayonlarında da xeyli iş görülüb.

Deputatlardan Elton Məmmədov, Sahib Alıyev, Azay Quliyev, Arif Rəhimzadə, Fərəc Quliyev, Yevda Abramov və digərləri də çıxış edərək seçicilərinin müxtəlif problemləri ilə bağlı danışılar. Onların hər biri hökumətin hesabatını da qənaətbəxş hesab ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR