III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib
# 03 iyun 2016 17:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə festivalın nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Festivalın Qran-pri mükafatına xorvatiyalı rejissor Herve Tirmarşenin ekranlaşdırdığı “Dubrovnik və Zaman” adlı filmi layiq görülüb. Milli mükafata isə rejissor Rüfət Kərimzadənin ekranlaşdırdığı “Yurdum” filmi layiq görülüb.

Müsabiqədə “Ölkə, region, şəhər” nominasiyası üzrə birinci yeri banqladeşli rejissor Qiyasuddin Səlimin “Çaylar diyarı” adlı filmi, ikinci yeri isə gürcüstanlı rejissor Beqa Jquburianinin “Gürcüstanda qış” adlı filmi qazanıb.

“Mədəniyyət, ənənə” kateqoriyasında birinci yeri rejissor Tofiq Şahverdiyevin “Lahıc” filmi, ikinci yeri irlandiyalı rejissor Peddi Heysin “Monqol Rapsodiyası”, üçüncü yeri isə rusiyalı rejissor Andrey Titovun “Ədəbiyyat mərkəzi. Əfsanə” filmi tutub.

“Reklam filmləri” nominasiyasında qalib polşalı rejissor Corc Van der Ueydenin ekranlaşdırdığı “Polşa Rivierası” adlı filmi olub. “Turizm xidmətləri” kateqoriyasına birincilik böyük britaniyalı rejissor Alesteyr Liynin ekranlaşdırdığı “Sitadel” adlı filmi layiq görülüb.

“TV filmləri” kateqoriyasında isə Brayan Smokerin “Səyyah: Ritmik Nassau” filmi qalib olub. Çexiyalı rejissor Libor Spacekin “Papua Yeni Qvineyaya qaçış” və rusiyalı rejissor Mixail Deqtyarın “Bakı, Azərbaycan” filmləri isə bu nominasiyada ikinci və üçüncü yerləri bölüşdürüb.

Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışıb.

Qeyd edək ki, Bakı III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının informasiya dəstəyi “APA Holding”ə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR