Azərbaycanın xarici işlər naziri İran xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycanın xarici işlər naziri İran xarici işlər nazirinin müavinini qəbul edib
# 03 mart 2015 14:10 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikasının regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulanıb. Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğu qeyd olunaraq, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi qeyd olunub. 4-5 mart tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək iclasının əhəmiyyəti vurğulanıb.

İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ilə də görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm-mədəniyyət, nəqliyyat və enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR