Bakıda Azərbaycan-Almaniya-Türkiyə Tibb Konqresi keçirilir

Bakıda Azərbaycan-Almaniya-Türkiyə Tibb Konqresi keçirilir
# 11 aprel 2015 07:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə birinci Azərbaycan-Almaniya-Türkiyə Tibb Konqresi başlayıb. APA-nın xəbərinə görə, üç gün davam edəcək konqres Milli Onkologiya Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatı dəstəyi ilə keçirilir.

Konqresdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Bakıda keçirilən tədbiri üç ölkə arasındakı əməkdaşlığın yüksək nümunəsi adlandırıb: “Almaniyanın Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlıq proqramı var. Mən çox sevinirəm ki, şəxsən bu konqresdə iştirak edib sizi salamlaya bilirəm. Bu yaxınlarda Mingəçevir şəhərində oldum. Oradakı xəstəxananın baş həkimi Türkiyədə təhsil alıb. Onun iki övladı isə Almaniyada təhsil alır. Bu fakt bizim üçlü əməkdaşlığımıza bir nümunədir”.

Professor Əziz Əliyev bir ay əvvəl Bakıda onkologiya üzrə beynəlxalq elmi konfransın keçirildiyini iştirakçıların diqqətinə çatdırıb: “Bir ay bundan əvvəl keçirilən konfrans Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Amerika Birləşmiş Ştatlarının MD Anderson Xərçəng Mərkəzi tərəfindən təşkil olunmuşdu. Bu gün biz həkimlərimizi ABŞ-a üç-dörd aylıq kurslara göndərə bilirik. Həmçinin, çox sayda həkimlərimiz Almaniyaya gediblər. Biz təcrübə mübadiləsi aparırıq. Milli Onkologiya Mərkəzi bir sıra uğurlar əldə edib. Bu gün Milli Onkologiya Mərkəzində bütün xərçəng xəstəlikləri üzrə əməliyyatlar apara bilirik. Onu da diqqətinizə çatdırmaq istərdim ki, sovet dövründə onkoloji xəstəlikdən ölənlərin sayında artım müşahidə olunurdu. O dövrlə müqayisədə onkoloji xəstəliklərdən ölənlərin sayı azalıb”.

Daha sonra G. Kaehler, D. Uyak, M. Niedergethmann, S. Demirbaş və başqaları çıxış ediblər.

Konqres qarşıdakı iki gün işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR