Azay Quliyev İtaliyanın əmək və sosial siyasət naziri ilə görüşüb

Azay Quliyev İtaliyanın əmək və sosial siyasət naziri ilə görüşüb
# 01 aprel 2015 09:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri Sergio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinglio və digər parlamentarlar ilə görüşüb.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfərin məqsədi barədə məlumat verən A.Quliyev Şuranın QHT-lərlə dövlət arasında körpü rolunu oynadığını söyləyib.

A.Quliyev görüşdə Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin Ermənistan tərəfindən işğalı barədə də məlumat verib. Şuranın gördüyü işlərin təqdirəlayiq sayan və müvafiq sahədə İtaliya təcrübəsindən bəhs edən senator S.Divina qeyd edib ki, ölkələrimiz arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması faydalı olar. Görüşdə Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya daşıyacaq TAP layihəsinin önəmi də vurğulanıb.

Şura sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın əmək və sosial siyasət naziri Culiano Poletti ilə keçirilmiş görüşündə vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının vacibliyi ilə bağlı müzakirələr aparılıb. C.Poletti deyib ki, Azərbaycanda müvafiq istiqamətdə görülən işlərlə tanış olmaq çox maraqlıdır.

Nümayəndə heyəti İtaliyanın tanınmış “Be Free” Qadın QHT koalisiyasının prezidenti və İdarə Heyətinin üzvləri ilə də görüşüb. Koalisiyanın prezidenti, Françeska De Masi vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılığın Azərbaycan modelinin İtaliya üçün örnək sayıla biləcəyini söyləyib. Koalisiya rəhbəri deyib ki, Azərbaycanda qaçqın və məcburi köçkün qadınların problemlərinin Avropa ictimaiyyətinə təqdim olunmasına böyük ehtiyac var və təşkilatları bu sahədə müəyyən işlər həyata keçirməyi düşünür. “UniVerde” Fondunda keçirilən görüş zamanı isə qurumun prezidenti Alfonso Pecoraro Scanio Azərbaycanın müasir infrastruktura malik turizm imkanlarının və əsrarəngiz təbiətinin Avropada geniş təbliğ olunmasının vacibliyini qeyd edib. SVİMEZ təşkilatında keçirilən görüşdə qurumun prezidenti Adriano Ciannola Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyinə öyrənilməsinə ehtiyac olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR