Bakıda stasionar telefon şəbəkəsinin tutumu 810 min nömrəyə çatdırılıb

Bakıda stasionar telefon şəbəkəsinin tutumu 810 min nömrəyə çatdırılıb
# 01 may 2013 14:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində paytaxtda görülən işlər nəticəsində stasionar telefon şəbəkəsinin tutumu artırılaraq 810 min nömrəyə çatdırılıb.


«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla yanaşı, cari ilin I rübündə genişzolaqlı internet xidmətlərinin inkişafını təmin etmək üçün şəbəkə ATS-lərində 12 min ədəd yeni ADSL portu və 2 830 cüt xətt qurğuları tikilərək istifadəyə verilib.


Ötən ilin sonu ilə müqayisədə cari ilin I rübündə Bakıda ADSL vasitəsilə internet xidmətlərindən istifadə edən abunəçilərin sayı 13 534 ədəd artıb. Aparılan araşdırmalardan aydın olur ki, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) şəbəkəsinin xidmətlərindən istifadə edən təşkilatlar və müəssisələrin 90%-i genişzolaqlı internet xidmətlərindən optik bağlantı əsasında istifadəyə üstünlük verir. BTRİB bu amili və eyni zamanda göstərdiyi internet xidmətlərinin keyfiyyətini artırmaq üçün kənar provayder və operatorlarla birgə təşkilatlara, biznes mərkəzlərə, mehmanxanalara optik kabel çəkməklə abunəçilərə yaxın ərazilərdə İAD, mini-DSLAM və ONU avadanlıqları quraşdırmaqla telefon və genişzolaqlı xidmətlərin göstərilməsini həyata keçirir.


Eyni zamanda, şəbəkə ATS-dən 2 km-dən yuxarı məsafədə yerləşən telefon paylayıcı şkafları «SMART AX» avadanlıqları ilə dəyişdirərək abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir.


Hazırda şəhərin əsasən mərkəzi hissəsində mis kabellərdən istifadəni məhdudlaşdırmaqla yeni yaşayış binalarına optik kabel vasitəsilə istifadəçilərə İKT xidmətlərinin göstərilməsi üçün yeni pilot layihələrin həyata keçirilməsi üçün işlər aparılır.

«BTRİB şəbəkəsində ADSL vasitəsilə yüksəksürətli internet xidmətlərindən istifadə edən abunəçilərin sayı durmadan artdığına görə «Bakinternet» internet xidmətinin platformasına yenidən baxılma zərurətini yaradıb və hazırda bu istiqamətdə təkliflər hazırlanır. Genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilərin sayı artdıqca bu xidmətlərdən əldə edilən gəlirlərin artması da müşahidə olunur. Belə ki, BTRİB cari ilin I rübündə göstərdiyi genişzolaqlı internet xidmətlərindən 5,8 mln. manat gəlir əldə edib», - deyə Nazirliyin məlumatında bildirilir.


Hazırda internet xidmətlərindən əldə edilən gəlirlər ümumi gəlirlərin 33,5%-ni təşkil edir.


Qeyd edək ki, internet xidmətlərinin gəlirləri artdıqca beynəlxalq istiqamətlərə çıxış danışıqlarından gəlirlərin azalması da müşahidə olunur. Belə ki, beynəlxalq çıxış danışıqlarından BTRİB-in gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 5% azalıb.


Xatırladaq ki, 2012-ci ildə İPTV xidmətinin istifadəyə verilməsi təmin edilib və hazırda BTRİB üzrə bu xidmətdən 900-ə yaxın abunəçi istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR