Ombudsman Aparatının əməkdaşları regionlarda polis şöbələrinə başçəkmələr həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları regionlarda polis şöbələrinə başçəkmələr həyata keçiriblər
# 04 noyabr 2015 15:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon-şəhər polis şöbələrinin müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna və müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin və mövcud ehtiyacların öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MSY-lərin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma, sovqat və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər, habelə saxlanılma şəraitinin təmin olunması vəziyyəti yoxlanılıb, mövcud çətinliklər yerində araşdırılıb. MSY-də saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Şirvan, Hacıqabul, Beyləqan rayon-şəhər polis şöbələrinin müvəqqəti saxlama yerlərinin yenidən və müasir standartlara uyğun qurulduğu, saxlama şəraitinin təkmilləşdirildiyi müşahidə olunub. Adı çəkilən rayon polis şöbələrinin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına uyğun şəkildə sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, o cümlədən xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR