“Nar”ın dəstəklədiyi kino layihəsi beynəlxalq uğura imza atıb

“Nar”ın dəstəklədiyi kino layihəsi beynəlxalq uğura imza atıb
# 16 sentyabr 2015 11:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” mobil operatorunun və “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin dəstəyi ilə 2013-cü ildə yaradılan “Üç tarix” adlı kinoalmanax çərçivəsində çəkilən “Tanrıya məktub” filmi dünyanın ən nüfuzlu qısametrajlı film və ssenari festivallarından olan XII “DC Shorts” festivalının müsabiqə proqramına daxil edilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, sentyabr 10-da Vaşinqton şəhərində start götürən kinofestivalda 24 ölkənin istehsalı olan 125 qısametrajlı film nümayiş etdirilib. Gənc azərbaycanlı rejissor Mariya İbrahimovanın qısametrajlı filmi ABŞ-ın bu mötəbər film festivalının proqramına daxil edilməklə, daha geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edərək böyük uğura imza atıb.

Festivalda nümayiş etdirilən “Tanrıya məktub” filmi kino həvəskarları arasında keçirilən səsvermə nəticəsində təqdim olunan “Tamaşaçıların rəğbəti” (AUDIENCE WINNERS) mükafatına layiq görülüb. Film tamaşaçıların böyük marağına səbəb olub, kino zalında boş yerlər qalmadığı üçün filmi seyr etmək istəyənlər hətta pilləkənlərdə də oturmağa razı olublar.

Ölkə mədəniyyətinin təbliği istiqamətində fəaliyyəti ilə tanınan “Nar” Azərbaycanın kinomotoqrafiya sənətinin inkişafı missiyasına öz töhfəsini verib və bu istiqamətdə bir çox layihəyə imza atıb. Milli-mənəvi dəyərlərə böyük önəm verən “Nar” əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının təkrarolunmaz ənənələrini qorumaq və yaşatmaq məqsədi daşıyan bu layihəyə də öz dəstəyini əsirgəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR