Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "AMOR 2018 Məzun" adlı tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir bu il Rusiyanın ali məktəblərini bitirən azərbaycanlı məzunlara həsr olunub.
Tədbirdə çıxış edən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyeva adından Rusiya ali məktəblərini bitirən azərbaycanlı məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. E. Hacıyev azərbaycanlı məzunlara AMOR-un fəaliyyətində aktiv iştirak etdiklərinə görə təşəkkür edib: "Leyla Əliyevanın və AMOR-un dəstəyi sayəsində bu gün Rusiyada yaşayan Azərbaycan gəncləri ölkə ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə aktiv iştirak edir. Bizim təşkilatın sıralarında Rusiya-Azərbaycan dostluq münasibətlərinin rifahı üçün işləməyə hazır olan yüzlərlə könüllü var".
E. Hacıyev AMOR üzvlərinin Soçidə keçirilən Qış Olimpiadasında, XIX Ümumdünya gənclər və tələbələr festivalında fəal iştirak etdiyini vurğulayıb: "Bizim gənclərimiz bu gün isə Rusiyada keçirilən idman bayramında, futbol üzrə dünya çempionatında könüllü kimi iştirak edirlər. Bütün bunlar AMOR-un Rusiya xalqlarının rifahına və dövlətinin uğuruna biganə qalmayan bir təşkilat kimi özünü sübut etdiyini göstərir”.
Tədbir çərçivəsində AMOR-un fəaliyyətində fəal iştirak edən məzunlar mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam etdirilib.