Moskva vilayətində Azərbaycan vətəndaşının qətli ilə bağlı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb

Moskva vilayətində Azərbaycan vətəndaşının qətli ilə bağlı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb
# 06 mart 2015 13:12 (UTC +04:00)

Odlu silahdan açılan atəşlə öldürülən 1987-ci il təvəllüdlü Urfan Arzuman oğlu Həsənlinin qətli üzrə açılmış cinayət işi çərçivəsində artıq 2 nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə APA-nın Moskva müxbirinə Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev məlumat verib.

A. Mürsəliyev bildirib ki, hadisə martın 5-də axşam saat 23:00 radələrində Domodedovo şəhərində yerləşən "Vostok" kafesində baş verib: “28 yaşlı Urfan Həsənli kafedən çıxarkən naməlum şəxs ona tapançadan atəş açaraq hadisə yerindən qaçıb. Urfan Həsənli döş nahiyəsindən ağır yaralanıb.

Hadisə baş verərkən tanışları İsmayıl və Bəxtiyar adlı şəxslər onun yanında olub. Onlar yaralını maşına mindirərək Domodedovo Şəhər Xəstəxanasına çatdırıblar. Lakin Urfanın həyatını xilas etmək mümkün olmayıb”.

Qətli törədən şəxsin zahirən qafqazlıya bənzədiyi bildirilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Qəsdən adamöldürmə” və “Qanunsuz odlu silah gəzdirmə” maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR