MSK imza vermiş seçicilərin imzalarını sonradan geri götürməsinin səbəblərini açıqlayıb

MSK imza vermiş seçicilərin imzalarını sonradan geri götürməsinin səbəblərini açıqlayıb
# 07 oktyabr 2015 08:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçkinin mahiyyətində maarifləndirmə durur. Əgər biz seçki prosesi iştirakçılarının hamısının səviyyəsinin lazımi standartlara qaldırılması ilə bağlı göstərdiyimiz səylərin müsbət nəticələrini görəcəyiksə, o zaman bu cür məsələlərə bəlkə də çox nadir hallarda rast gələcəyik”.

APA-ya verilən məlumata görə, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov bir necə şəxsə imza vermiş seçicilərin imzalarını sonradan geri götürməsinə münasibət bildirərkən deyib.

N. Məmmədov bildirib ki, bir çox hallarda seçkilərdə iştirak edən subyektlər bu iştirakın üsul və qaydaları ilə bağlı məsələlərdə ya məlumatlı olmurlar, ya da məsələlərə münasibətdə fərqli mövqedən çıxış edirlər, qanunvericiliyin tələblərinə bir o qədər də fikir vermirlər, bəlkə də anlamırlar. Onun fikrincə, seçicilərin verdikləri imzaları geri götürməsi seçilmək istəyən şəxsin təqsiri ucbatından da olmaya bilər: “İmzatoplama mərhələsində 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının iştirak etmək hüququ var. Onların da münasibətindən, bacarığından və bir sıra məsələlərdən asılı olaraq müəyyən problemləri ortaya çıxır. İmzatoplama mərhələsində imzaların əgər konkret şəxsin müdafiəsi üçün deyil, hansısa yol, qaz çəkilişi, tikinti işlərinin, abadlaşdırmanın aparılması adı altında toplanması, yaxud digər bir namizədin, partiyanın nümayəndəsi kimi özünü təqdim etmə halları bu cür məsələlərə yol açır”.

N. Məmmədovun sözlərinə görə, bəlli olanda ki, imzatoplama mərhələsində vətəndaşların iradəsindən sui-istifadə hallarına yol verilib, problemlər ortaya çıxır: “Təəssüf ki, bizim təcrübəmizdə belə hallar olub və bununla bağlı müvafiq qərarlar da qəbul edilib. Ümid edirik ki, bizim maarifləndirmə işlərimiz gələcəkdə bu cür məsələləri azaltmış olacaq. 15 il əvvələ baxsaq, görərik ki, doğurdan da pozuntuların sayı və çeşidi fərqli olub. İndi bu cür məsələlər ətrafında müzakirə aparırıq. Bu da bizim seçki prosesinin pozitiv tərəfdir ki, biz çox nadir, çox az pozuntulardan danışırıq. MSK-ya daxil olan müraciətlər də əvvəlki illərdə müqayisədə əhəmiyyətli dərəcədə azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR