TQDK ARDNŞ-ın Təqaüd Proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək

TQDK ARDNŞ-ın Təqaüd Proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək
# 12 aprel 2013 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 14-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək.

APA-nın xəbərinə görə, imtahan saat 11:00-da başlayacaq və 1 saat ərzində davam edəcək. Müsabiqə neft və qaz sahəsi üzrə gənc savadlı mütəxəssislərin yetişdirilməsi və tələbələrdə elmi-təcrübi biliklərə həvəsin artırılması məqsədi daşıyır.

Test imtahanında iştirak etmək üçün qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2128 nəfər qeydiyyatdan keçib.İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədlər məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanı verəcəklər. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər düzgün cavab 1 bal qiymətləndirilir. Səhv cavablar ümumi balı azaltmır. Birinci mərhələdən keçən namizədlər ikinci tura – müsahibə mərhələsinə vəsiqə qazanacaqlar. II tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaq. Müsahibəni isə ARDNŞ-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR