Türkiyə TANAP-la alacağı qazın həcmini üç dəfədən çox artıra bilər

Türkiyə TANAP-la alacağı qazın həcmini üç dəfədən çox artıra bilər
# 29 aprel 2015 13:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyə 2026-cı ildə Trans-Anadolu Qaz Boru Xətti (TANAP) ilə qaz nəqlinin həcmini 3 dəfədən çox artıra bilər.

APA-Economics”in verdiyi xəbərə görə, bunu layihənin baş meneceri Saltuk Düzyol “Reuters” agentliyinə açıqlamasında deyib.

Baş menecer bildirib ki, ilkin mərhələdə TANAP vasitəsilə 2018-ci ilin ortalarına qədər ildə 16 mlrd. kubmetr qazın nəql olunacağı planlaşdırılır ki, bunun da 6 mlrd. kubmetrə qədəri Türkiyənin, qalanı isə Avropanın payına düşür.

“TANAP-ın ötürücülük qabiliyyəti 31 milyard kubmetrə çatarsa, Türkiyə bunun 21 milyard kubmetrə qədərini ala bilər. Alış prosesi isə həm BOTAŞ, həm də Türkiyənin özəl şirkətləri tərəfindən həyata keçirilə bilər”, - deyə S. Düzyol deyib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR