Bakıda Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunacaq

Bakıda Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunacaq
# 17 aprel 2015 12:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Müəllif Hüquqları Agentliyinin (MHA) təşəbbüsü ilə YUNESKO-nun elan etdiyi 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə silsilə tədbirlər keçirəcək.

MHA-dan APA-ya verilən xəbərə görə, 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir aprelin 21-də “Müəllif və riyakarlıq, kitab və yalan” (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda olacaq.

Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları və Konfliktologiya İnstitutunun elmi işçisi Elşad Əlilinin erməni saxtakarlıqlarını ifşa edən məruzələri dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.

Aprelin 24-də Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə keçirilməsi planlaşdırılan “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfransda isə əqli mülkiyyətin inkişafının yaxın gələcək üçün müəyyən edilmiş hədəfləri və perspektivləri, əqli mülkiyyətin müasir iqtisadiyyatda əhəmiyyəti və sənayenin inkişafındakı rolu, müəlliflik hüququna əsaslanan kreativ industriyanın inkişafı məsələləri işıqlandırılacaq.

Tədbirdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin məruzə və çıxışları olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR