Məhkəmə orqanları «American Airlines» və «US Airways» aviaşirkətlərinin birləşməsinə razılıq verib

Məhkəmə orqanları «American Airlines» və «US Airways» aviaşirkətlərinin birləşməsinə razılıq verib
# 28 mart 2013 10:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Nyu-York Məhkəməsi ABŞ-ın iki nəhəng aviaşirkəti olan «American Airlines» və «US Airways»in birləşməsinə rəsmən razılıq verib.

«APA-Economics»in məlumatına görə, bu ilin fevralın 14-də hər iki şirkətin Direktorlar Şurası tərəfindən aviaşirkətlərin birləşməsinə dair təklifi razılaşdırandan sonra, tərəflər müvafiq sövdələşmənin imzalandığını elan edib. Məhkəmənin razılığı isə «American Airlines»ın müflis vəziyyətdə olması üçün lazım olub. Sözügedən sövdələşməyə ABŞ-ın antiinhisar orqanları da razılıq verməlidir. Sövdələşmənin 2013-cü ilin payızında başa çatacağı gözlənilir. Qeyd edək ki, bununla bağlı bütün razılıqlar veriləndən sonra, dünyanın ən iri aviaşirkəti yaradılmış olacaq.

Əqdin dəyəri 11 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Yeni şirkət «American Airlines» adını daşıyacaq. Lakin aviaşirkətə «US Airways»in icraçı direktoru Duqlas Parker rəhbərlik edəcək. «American Airlines»ın hazırkı rəhbəri Tom Xorton isə yeni aviaşirkətin Direktorlar Şurasının sədri vəzifəsində çalışacaq.

Qeyd edək ki, yeni aviaşirkətin parkı 950 təyyarədən ibarət olacaq və bu avialaynerlər gündə 3 200 aviareys yerinə yetirəcək. Aviaşirkətin ştatında 95 mindən artıq işçi çalışacaq.

Xatırladaq ki, «American Airlines» və «US Airways» şirkətlərinin birləşməsi «American Airlines»ın öz biznesini restrukturizasiya etmək planları ilə bağlıdır. Şirkət 2011-ci ilin noyabr ayından özünü müflisləşmədən qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR