Saymon Kleq: “Mingəçevirdəki şərait Bakıda olan şəraitdən heç də geri qalmır”

Saymon Kleq: “Mingəçevirdəki şərait Bakıda olan şəraitdən heç də geri qalmır”
# 04 iyun 2015 10:55 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. “Çox şadam ki, birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıq işləri başa çatmaq üzrədir. Mən bu gün “Kür” Olimpiya Tədris İdman Mərkəzi, eləcə də yarışların keçiriləcəyi ərazi, idmançıların və qonaqların yerləşəcəyi obyektlərdə hazırlıq işlərinin gedişi ilə tanış oldum. Mövcud şəraiti yüksək qiymətləndirirəm və bütün işlər lazımi səviyyədə həyata keçirilib”. APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri bu gün Mingəçevirə səfər edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq jurnalistlərə müsahibəsində deyib.

O, avropalı idmançıların və qonaqların onlar üçün yaradılan şəraitdən razı qalacağına əmin olduğunu deyib. “Mingəçevirdə yarış iştirakçıları üçün yaradılan şərait paytaxt Bakıda olan şəraitdən heç də geri qalmır. Avarçəkmə yarışlarında 37 ölkədən 295 idmançı iştirak edəcək. Qitənin məşhur avarçəkənlərindən 40 nəfəri olimpiya oyunlarının mükafatçısıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu da imkan verir ki, tamaşaçılar tanınmış idmançıların mükafatlar uğrunda mübarizəsini yaxından seyr edə biləcəklər. Yarışları izləmək üçün ərazidə ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Birinci Avropa Oyunları insanların böyük marağına səbəb olacaq. Ümumiyyətlə, Mingəçevirdə yarışlarla bağlı görülən işlərdən çox razıyam. Bu gün səhər “Kür” çayında suyun təmizliyini test etdik, hovuzlara, qayıqların saxlanılması yerlərinə baxış keçirdik. Yarış ərazisinin və atletlər kəndinin təmizliyi çox yaxşıdır”.

S. Kleq Mingəçevirin avarçəkmə yarışları ilə bağlı 50 illik bir tarixi olduğunu qeyd edib. O, burada yarışların keçirilməsi üçün yaxşı ənənə və münbit şəraitin olduğunu vurğulayıb: “Ümid edirəm ki, Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla iştirak edərək qızıl medal qazanacaqlar. Mingəçevirdəki avaçəkmə yarışları Bakı-2015 Avropa Oyunlarının bir hissəsidir. Bu yarışları dünyada 1 milyarddan artıq insan televiziya vasitəsilə birbaşa izləyə biləcək. Təbii ki, bu bir fürsətdir ki, Mingəçevir şəhəri idman mərkəzi kimi bütün dünyaya təqdim olunacaq. Bu yarışların gələcəkdə Mingəçevirə və yerli sakinlərə çox yaxşı təsiri olacaq. Oyunlar üçün biletlərin satışı prosesi yüksək səviyyədə davam edir. Ümid edirəm ki, biletlərin satışı qısa vaxtda başa çatacaq. Birinci Avropa Oyunlarının çox möhtəşəm və inanılmaz şəkildə keçəcəyinə əminəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR