Bu ildən xaricdə təhsil almaq hüququ qazanmış tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları veriləcək

Bu ildən xaricdə təhsil almaq hüququ qazanmış tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları veriləcək
# 22 iyul 2014 10:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim ediləcək. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Muxtar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlki illərin təcrübəsi əsasında Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin maliyyələşdirilməsi mexanizmlərinin daha da optimallaşdırılması və tələbələrin müraciətləri nəzərə alınaraq, yeni mexanizmlərin formalaşdırılması istiqamətində iş aparılıb. Onun sözlərinə görə, bunlardan biri də nazirlik tərəfindən tələbələrə təqaüd kartlarının verilməsidir: “Bu kartlar tələbələrə təqaüdlərin daha vaxtında, qısa müddət ərzində köçürülməsini təmin edəcək. Yekunda da tələbələrimizin xarici ölkələrdə təhsil aldıqları zaman heç bir maddi sıxıntısı olmayacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, bu kartlar hələlik bu il qəbul olunan tələbələrə veriləcək. O əlavə edib ki, əvvəlki illərdə təhsil alan tələbələrə də bu təqaüdlərin verilməsi prosesi daha sonra nəzərdən keçiriləcək.

Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini M.Məmmədov qeyd edib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nda xaricdə təhsil üzrə inkişaf konsepsiyasının 2015-2020-ci illərdə də davam etdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi bu proses istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR