XİN Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Nyu-Yorkda bir sıra görüşlər keçirib

XİN Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Nyu-Yorkda bir sıra görüşlər keçirib
# 09 mart 2015 14:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Martın 4-də Xarici İşlər Nazirliyinin (XİN) nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev Nyu-Yorkda BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) Xarici Əlaqələr və Vəkillik Ofisinin rəhbəri Maykl O’Neillə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ə. Şıxəliyev qarşı tərəfə AİDA Agentliyinin fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq layihələri barədə məlumat verib. Daha sonra tərəflər müxtəlif sahələrdə, eləcə də Ebola epidemiyası ilə mübarizədə AİDA və BMT İP arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Martın 5-də Ə. Şıxəliyev BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibinin müavini Xavyer Mişonla görüşüb. Görüş zamanı tərəflər informasiya və kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, su təchizatı və sanitariya sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ə. Şıxəliyev həmçinin BMT İP-in administratorunun köməkçisi, BMT İP-in Proqram Siyasəti Ofisinin direktoru Maqdi Martinez-Solimanla görüşüb. Tərəflər müxtəlif sahələrdə, o cümlədən Afrika ölkələrində Ebola epidemiyasının qarşısının alınması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR