Avropa-“Qazprom” müharibəsi - TƏHLİL

Avropa-“Qazprom” müharibəsi - <span style="color: red;">TƏHLİL
# 04 iyun 2016 10:12 (UTC +04:00)

Avropa-Rusiya qaz qarşıdurması səngimək bilmir. Əksinə, rus mütəxəssislər proqnozlaşdırır ki, yaxın zamanlarda "Qazprom"u Avropa bazarında, yumşaq desək, çətin vaxtlar gözləyir. Antirusiya qaz münasibətlərinin flaqmanı Polşadır. Proqnozlara əsasən, digər ölkələr də Polşadan ibrət götürəcək.

Bu günlərdə Polşa hökumətinin enerji təhlükəsizliyi üzrə müvəkkili Pyotr Naimski bəyan edib ki, Polşa Rusiya ilə uzunmüddətli qaz sazişini uzatmayacaq. Saziş 2022-ci ildə bitir və indidən ritorikanın bu cür qurulması vəziyyəti Rusiya üçün qəlizləşdirir. Başqa sözlə, Polşa Rusiya ilə qaz münasibətlərini uzunmüddətli sazişlər əsasında qurmaq istəmir. Artıq indidən alternativ variantlar işlənilir, hətta reallaşdırılır. P. Naimski bildirib ki, saziş bitdiyi zaman Rusiya qazının qiyməti münasib olsa, qaz alına bilər. Amma buna iki səbəbdən inanmaq çətindir. Birincisi, Polşa alternativ qaz mənbələri üzərində işləyir. İkincisi, Rusiya qaz məsələlərində həmişə son dərəcədə sərt və tərs mövqe tutur. Qiyməti aşağı salmaqdansa, diqqəti başqa bazarlara, məsələn, Çin və Hindistana yönəldəcək.

REALLIQ

Hazırda Polşa istehlak etdiyi 15 mlrd. kubmetrlik qazın təxminən 9 mlrd. kubmetrini Rusiyadan alır. Amma indidən üç əsas layihə üzrə işlər aparılır ki, Rusiya qazı əvəz olunsun. Birincisi – Qətərdən maye qazın alınması, ikincisi – Norveçdən maye qazın alınması və üçüncüsü – Norveç istiqamətinə 2022-ci ilədək boru kəmərinin tikintisini başa çatdıraraq, qazı kəmərlə nəql etmək. Əgər üçüncü variant müəyyən vaxt tələb edirsə, ilk iki variant artıq reallaşır. Məsələn, artıq Qətərdən qaz alınır, bu ay isə Norveçdən maye qazın ilk partiyasının alınması nəzərdə tutulur. Bundan əlavə, qazı Almaniyadan revers şəklində almaqla bağlı da variant var. Göründüyü kimi, mütəxəssislərin də iddia etdiyi kimi Polşa iqtisadi cəhətdən özünə zərərli olmasına baxmayaraq Rusiya qazından imtina etmək üçün variant axtarır. Belə ki, bəzi hesablamalara görə, maye qazın alınması adi qazdan 1,5 dəfə baha başa gəlir. Buna görə, Rusiya tərəfi hesab edir ki, Polşanın mövqeyi siyasi mahiyyət daşıyır. Ola bilər, amma Rusiya ona sərf etmədiyi hallarda siyasi əsasları axtarmağa artıq adət edib – bu, tək qaz məsələsində deyil, bütün sahələrə aiddir. Unutmaq lazım deyil ki, Polşanın qaz operatoru PGNiG şirkəti bir il əvvəl qazın qiymətini aşağı salmaq üçün “Qazprom”u Stokholm arbitraj məhkəməsinə verib. İddia, 2014-cü ildə sözügedən mövzuda aparılmış Polşa-Rusiya danışıqlarının Rusiyanın sərt mövqeyinə görə nəticəsiz başa çatmasından sonra verilib. Bundan əlavə, qeyd etmək lazımdır ki, PGNiG 2011-2012-ci illərdə də “Qazprom”u məhkəməyə verib və nəticədə qiymət 10% endirilib. Faktiki olaraq, Rusiyanın sərt mövqeyi onu ehtimal etməyə əsas verir ki, qiymət məsələsində danışıqlar nəticəsizliyə düçar edilir. Təbii ki, belə olan təqdirdə alternativ axtarmaq lazımdır. Polşa da bunu edir. Rusiya isə öz mövqeyində qalır – məsələ siyasi xarakter daşıyır.

Oyunun digər real oyunçuları

Digər iki “qaz imtinaçı”sında da siyasi xarakter axtarmaq olar. Ukrayna və Türkiyə. Ukrayna artıq bəyan edib ki, Rusiyadan qaz almayacaq, əvəzində qaz Avropadan alınacaq. Ukrayna-Rusiya münasibətlərini nəzərə alsaq, bu, təəccüblü deyil. Bundan əlavə, Türkiyənin Rusiya qazını əvəz etmə istiqamətində fəaliyyəti də təəccüblü deyil. Hazırda Türkiyə istehlak etdiyi qazın təxminən 50%-ni Rusiyadan alır, amma buna da yaxın vaxtlarda son qoyula bilər. Belə ki, Türkiyə Azərbaycandan mavi yanacağın alınması planlarını sürətləndirir – Transanadolu boru kəməri vasitəsi ilə. Bundan əlavə, Türkiyə Qətərdən qaz almaq niyyətindədir və nəhayət bu il bir çoxları üçün gözlənilməz olan Türkiyə-İsrail qaz danışıqları aparılıb. Nəticədə, demək olar ki, Türkiyə Rusiya qazını Azərbaycan, Qətər və İsraildən alınan qaz ilə əvəz etmək niyyətindədir.

Bundan əlavə, Litva da Rusiyadan alınan qazı əvəz etmək istəyir. Bir hissəsi artıq əvəz olunub – hələ 2014-cü ildə Litva “Statoil”dan maye qazın alınması üzrə saziş bağlayıb, hazırda isə bu istiqamətdə iş davam edir. Litvanın illik qaz ehtiyacının elə də böyük olmamasını nəzərə alsaq (təxminən 3,4 mlrd. kubmetr), alternativin tapılması istiqamətində işlərinin uğurlu olacağına inanmaq elə də çətin deyil.

Növbədə duranlar

Yaxın bir-neçə il ərzində “Qazprom”un Çexiya, Macarıstan, Estoniya, Sloveniya və Bosniya ilə qaz müqavilələrinin də müddəti bitir. Bu müqavilələrin müddətinin uzadılması perspektivləri aşağıdır. Unutmaq lazım deyil ki, yaxın illərdə Azərbaycan qazı Cənubi Avropaya çatacaq, zərurət olduğu halda Polşa kimi digər mənbələr tapılacaq. Nəticədə, gözləmək olar ki, müqavilələrin uzadılması şərti kimi həmin ölkələr tərəfindən Rusiyadan ən azı qiymətin aşağı salınması tələb olunacaq. Rusiyanın yola gəlməzliyi bunun real olmasını qeyri-real edir.

Rusiya mütəxəssislərin fikrincə, Avropa bazarında qalmaq üçün “Qazprom” qiymətin aşağı salmasına getməli olacaq. Əlavə edək ki, əks halda bir sıra ölkələr Rusiyadan alınan qazdan yavaş-yavaş imtina edəcəklər. Qeyd edək ki, buna ABŞ da kömək edə bilər. Belə ki, ABŞ bu ilin fevralından Meksika körfəzində hasil etdiyi qazın ixracına başlayıb və bu qazın əsas alıcıları məhz Avropa ölkələri ola bilər.

Bütün bunları nəzərə alaraq, Rusiyanın Avropada qaz perspektivləri çox dumanlıdır. Unutmaq lazım deyil ki, Rusiyanın Avropaya qazın nəqli üzrə bütün yeni layihələri müxtəlif səbəb və yollarla blokada olunur. Məsələn, “Şimal axının” ikinci mərhələsinə ciddi maneələr törədilir ki, nəticədə hazırlanma mərhələsində olan bu layihənin reallaşması böyük sual altındadır. Bu ilin mart ayında Polşa, Çexiya, Estoniya, Macarıstan, Slovakiya Rumıniya və Latviya həmin layihənin Avropanın enerji təhlükəsizliyinə müəyyən riskləri daşıyacağı barədə birgə bəyanat yayıb. Sonra həm Avropa Komissiyası, həm ayrı-ayrı dövlətlər tərəfindən “Şimal axına” qarşı bəyanatlar olub. Nəticədə, layihə donmuş vəziyyətdədir. Həmin vəziyyətə, həmçinin “Cənub axını” düşüb. Qeyd edək ki, bu layihə qazın Qara dənizin dibi ilə Bolqarıstana və sonradan digər Avropa ölkələrinə nəqlini nəzərdə tuturdu. Lakin Avropa Komissiyası tərəfindən bu layihəyə müəyyən tələblərin qoyulması nəticəsində Rusiya 2014-cü ilin sonunda layihədən rəsmən imtina edib. “Cənub axını”nın belə taleyindən sonra Rusiya diqqətini yeni “Türk axını” layihəsinə yönəldib. Bu kəmər də Qara dənizin dibi ilə Türkiyəyə uzanmalı idi, orada isə qaz Avropaya nəql edilməli idi. Lakin Rusiya və Türkiyə arasında məlum olan münasibətlərin pozulması nəticəsində həmin layihə də bağlanıb.

Sonda qeyd etmək lazımdır ki, qaz çoxdan enerjidaşıyıcısı deyil, siyasi alətə çevrilib və bu məhz Rusiya tərəfindən edilir. Qaz məsələsində monopolist mövqeyindən istifadə edən Rusiya bir çox ölkələrə əhəmiyyətli təsir alətinə malikdir. Məsələn, illər ərzində Ukrayna ilə qaz münasibətlərini şantaj və siyasi təsirdən başqa cür adlandırmaq mümkün deyil. Rusiya Şərqi Avropada oxşar vəziyyət yaratmaq istəyir, amma tədricən “yer ayağının altından qaçır”.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR