Moskvada “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsi keçiriləcək

Moskvada  “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsi keçiriləcək
# 17 mart 2015 17:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında “Böyük Vətən Müharibəsinin Qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfransla bağlı Komissiyanın iclası keçirilib. APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, fevralın 11-də AMEA Rəyasət Heyəti 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlər haqqında qərarlar qəbul edib. Həmçinin İlham Əliyev “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında cari il fevralın 23-də Sərəncam imzalayıb.

Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən Georgi Zaplatinin “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantının nəşrinin təmin edilməsinin məqsədəuyğun olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, AMEA-nın Tarix İnstitutunda Böyük Vətən Müharibəsini araşdıran alim və tədqiqatçıların sayı kifayət qədər deyil: “İnstitutda bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir. Hazırda Azərbaycan müharibə şəraitində yaşadığından bu kimi tədqiqatlara daha böyük önəm vermək lazımdır”.

Sonra AMEA-nın Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış edərək “Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinə verdiyi töhfələr” mövzusunda keçiriləcək konfrans haqqında məlumat verib. Bildirib ki, ölkədə Böyük Vətən Müharibəsi iştirakçısı olan 8 Azərbaycan alimi var ki, onlardan 3-ü (İsmayıl İbrahimov, Maqsud Əliyev və Məhərrəm Məmmədyarov) akademiyanın həqiqi üzvüdür.

Sonra II Xüsusi şöbənin rəisi Eldar Quliyev çıxış edib. Bildirib ki, Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsi keçiriləcək. Layihədə AMEA-nın da iştirakı nəzərdə tutulur.

Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva konfrans çərçivəsində təşkil olunacaq sərgilər haqqında məlumatları diqqətə çatdırıblar. N.Vəlixanlı II Dünya Müharibəsi ilə əlaqədar Tarix Muzeyi tərəfindən nəşr edilmiş kataloq barədə də ətraflı məlumat verib.

Sonda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul edilib. Akademik Nailə Vəlixanlıya tapşırılıb ki, Moskva şəhərində keçiriləcək “Nasizmə qarşı birlikdə idik” sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının iştirakından irəli gələn məsələləri həll etsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR