Efiopiyanın “Əddis zəmən” qəzetində Azərbaycanla bağlı silsilə məqalələr dərc edilib

Efiopiyanın “Əddis zəmən” qəzetində Azərbaycanla bağlı silsilə məqalələr dərc edilib
# 13 noyabr 2015 16:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda səfərdə olmuş Efiopiyanın ən böyük oxucu kütləsinə malik dövlət qəzeti olan “Əddis zəmən”in baş redaktorunun müavini Araya Getaço ölkəmizin inkişafı və iqtisadi qüdrəti, zəngin mədəniyyəti, geostrateji əhəmiyyəti və güclü dövlətçiliyimiz barədə silsilə məqalələr dərc edib.

APA-nın məlumatına görə, A. Getaço “Azərbaycanlıların torpağı: bir çox haqsızlıqlarla üzləşən tarixi Millət” adlı məqaləsində torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsindən və 1 milyon azərbaycanlının tarixi torpaqlarından qovulmasından bəhs edir.

Müəllif məqaləyə “Sülh şəraitində yaşamağım üçün qonşuluğumu sülh şəraitində saxlamağa çalışmalıyam, amma nə qədər sülhsevər olsam da, qonşumun sülhü sevməməsi və istəməməsi mənim də bu istəyimi sarsıdır” efiop atalar sözü ilə başlayaraq, azərbaycanlıların bu gün məhz bu problemlə üzləşdiyini xüsusi vurğulayır. Hərbi diktatura tərəfindən idarə olunan Ermənistanın azərbaycanlılara qarşı etdiyi zülmün şəxsən şahidi olan efiopiyalı jurnalist Quba məzarlığında olduğunu və ermənilər tərəfindən 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının kütləvi məzarlığını ziyarət edərkən vahimə içində olduğunu vurğulayır. Azərbaycan hökumətinin bu qurbanların xatirəsinə hörmətlə yanaşdığını və bütün dünyanın bu cinayətlərin şahidi olması üçün Abidə-Memorial Kompleks ucaltdığını qeyd edir. Müəllifin bu cinayətlərdən dəhşətə gəlməsi məqalədə aydın şəkildə hiss olunur.

“Ermənistanın Azərbaycan xalqına etdiyi zülmü əks etdirən digər abidə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Bu, Xocalı abidəsidir. 1992-ci ilin 26 fevral tarixində saat 23.00 –da Azərbaycanın Xocalı şəhərinə hücum edən erməni əsgərləri 613 azərbaycanlını, onlardan 83 uşaq, 106 qadın və 70 yaşlını vəhşicəsinə öldürüblər. 1245 azərbaycanlı isə əsir düşüb. Onlardan 150 nəfərin aqibəti bu günədək bəlli deyil”, - deyə məqalədə vurğulanıb.

Azərbaycanlılara qarşı ədalətsizliyin burada bitmədiyini yazan müəllif Ermənistan ordusunun etdikləri cinayətlərin olduqca çox olduğunu anladığını bildirir. Jurnalist Azərbaycanda apardığı söhbətlər zamanı müəllif azərbaycanlılarda ermənilərə qarşı kin və nifrət hisslərinin olmadığını qeyd edərək, bütün bu cinayətlərin Ermənistanı idarə edən hərbi rejim tərəfindən törədildiyini bildirir və hazırda ermənilərin Azərbaycanda əmin-amanlıq şəraitində yaşadıqlarını vurğlayır.

Müəllif Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayaraq, bu torpaqların Ermənistanın hərbi xuntası tərəfindən işğal edildiyini və bu işğal nəticəsində 1 milyon azərbaycanlının öz torpaqlarından qovulduğunu bildirir. Bu çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlər üçün müasir evlər, məktəblər inşa etdiyini və iş yerləri ilə təmin etdiyini bildirir.

Azərbaycan hökumətinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara sülh danışıqlarının aparılması ilə bağlı müraciət etdiyini vurğulayan jurnalist beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, 20 ildən artıqdır bu qətnamələrin Ermənistan tərəfindən icra edilmədiyini önə çəkir.

Efiopiyalı jurnalist Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Azərbaycan Respublikasının digər rəsmiləri və həmçinin ictimaiyyət nümayəndələri ilə görüşlərini və söhbətlərini xatırladaraq, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edir, lakin Azərbaycanın öz torpaqlarını istənilən vasitələrlə azad etmək gücündə olduğunu bildirir. Azərbaycan rəsmilərinə, ictimaiyyət nümayəndələrinə və həmkarları olan jurnalistlərə istinad edən məqalə müəllifi dünya ictimaiyyəti tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edilən və hazırda Ermənistanın işğalı altında olan torpaqlarımıza məhz Azərbaycan xalqının haqqı olduğunu yazır.

Məqalədə Azərbaycanda son gününü təsvir edən müəllif Heydər Əliyev Mərkəzindən yüksək təəssüratını bölüşərək, Heydər Əliyev Azərbaycan tarixi muzeylərində olduğunu və Mərkəzin ən müasir texnologiya ilə təchiz edildiyini qeyd edir. O, Efiopiya xalqının milli lideri Meles Zenavi Fondunun Azərbaycanın təcrübəsindən yararlanmasının vacibliyini qeyd edərək, onların Azərbaycana səfər etmələri və Azərbaycanın təcrübəsini öyrənmələrinin zəruriliyini bildirir.

Azərbaycan kimi gözəl bir ölkə ilə ayrıldığını qeyd edən jurnalist A. Getaço məqaləsini Əddis-Əbəbəyə döndüyünü və Azərbaycan dilində “Sağ ol deyərək, Yaşasın Azərbaycan!” kəlmələri ilə bitirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR