Almaniya Müdafiə Nazirliyində ABŞ-a casusluq etməkdə şübhəli bilinən ikinci şəxs ifşa olunub

Almaniya Müdafiə Nazirliyində ABŞ-a casusluq etməkdə şübhəli bilinən ikinci şəxs ifşa olunub
# 10 iyul 2014 16:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Almaniya Müdafiə Nazirliyində ABŞ-a casusluq etməkdə şübhəli bilinən növbəti şəxsin də ifşa olunması alman siyasətçiləri qəzəbləndirib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu, Almaniya Federal Kəşfiyyat İdarəsinin əməkdaşının həbsindən sonra son günlərdəki ikinci casus qalmaqalıdır.


Almaniya Müdafiə Nazirliyi casusluqda şübhəli bilinən şəxslə bağlı məlumatı təsdiqləyib, amma həmin şəxsin həbs olunmadan nəzarətdə saxlanıldığını bildirib.


Təhqiqat işinə cəlb olunan başqa şəxslərin dediyinə görə, şübhəli şəxs Müdafiə Nazirliyində təyinat üzrə fəaliyyət göstərən XİN rəsmisidir. Hələlik mətbuata başqa detallar açıqlanmır.


Kansler Anjela Merkel və onun yaxın ətrafı isə növbəti casusluq faktından hiddətlənib. Sosial Demokrat Partiyasının baş katibi Yasmin Fahimi tələb edib ki, bu məsələyə tezliklə aydınlıq gətirilsin və Berlindəki ABŞ səfirliyinin əməkdaşları tam tərkibdə vəzifəsindən
kənarlaşdırılsın.

Müdafiə naziri Ursula von der Leyen isə mətbuata açıqlamasında bildirib ki, casusluqda şübhəli bilinən şəxslə bağlı hələ hər şey aydın deyil: “Bunun arxasında nə durduğunu tam bilmirik. Məsələ ciddi şəkildə araşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR