Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
# 27 fevral 2015 10:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ölkə ərazisində ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 220-350 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 80-140, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.

Fevralın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 45 m3/s təşkil edərək ongünlük normanın 59 faizinə bərabər olub.

Departamentdən bildiriblər ki, fevralın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 19 sm artım, Şirvanda 8 sm azalma qeydə alınıb. Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR