Milli Məclisin İqtisadi siyasət komitəsində “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisin İqtisadi siyasət komitəsində “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub
# 20 may 2015 09:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olunub.

APA-Economics” xəbərinə görə, MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2014-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub və qarşıya qoyulan hədəflərə nail olunub.

Maliyyə nazirinin müavini Azər Bayramov 2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatları açıqlayıb. O bildirib ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempinin qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.

Nazir müavini qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib.

“Hesabat dövründə orta aylıq əmək haqları 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur”, - deyə nazir müavini qeyd edib.

A. Bayramov deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: “Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub”.

Nazir müavini əlavə edib ki, hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib.

“Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib”, - deyə o qeyd edib.

İcmal büdcəsinə toxunan A. Bayramov qeyd edib ki, 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985,9 mln. proqnoza qarşı 23 mlrd. 82,2 mln. manat və yaxud 105%, xərcləri isə 24,444 mlrd. proqnoza qarşı 21 mlrd. 417,7 mln. manata və yaxud 87,6% icra olunub. İcmal büdcədə 1 mlrd. 664,5 mln. büdcə profisiti yaranıb.

Qanuna layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR