Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah Milli Məclisə noyabrın 1-də keçirilən V çağırış seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyalarının protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması üçün ayrılan müddət başa çatacaq.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən DSK-lar seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesini səsvermə günündən ən gec 2 gün keçənədək başa çatdırmalıdır.
Milli Məclisə seçkilərlə əlaqədar DSK-lar bu prosesi noyabrın 3-dən gec olmayaraq, başa çatdırmalıdır. Mərkəzi Seçki Komissiyası Milli Məclisinə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulmasının səsvermə günündən ən gec 20 gün keçənədək başa çatdırmalı və protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.