Konteyner daşınmalarına nəzarətlə bağlı təlim kursu keçirilir

 Konteyner daşınmalarına nəzarətlə bağlı təlim kursu keçirilir
# 26 oktyabr 2015 15:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Oktyabrın 26-da Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin təlim-tədris mərkəzində “Konteyner Daşınmalarına Nəzarət üzrə Qlobal Proqram” layihəsi çərçivəsində təlim kursu öz işinə başlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə Ümumdünya Gömrük Təşkilatının birgə həyata keçirdiyi təlimdə Azərbaycan gömrük əməkdaşları iştirak edir.

Təlim kursunun açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov təlimin keçirilməsində dəstəyə görə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının nümayəndələrinə təşəkkürünü bildirib. Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşdiyini diqqətə çatdıran idarə rəisi bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib, eləcə də Azərbaycan Prezidentinin müvafiq fərmanı əsasında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasının ölkəmizdə tranzit daşımalarına xüsusi diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin milli koordinatoru Sardor Ataşikov tədbirin təşkilinə görə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu layihənin həyata keçirilməsində region ölkələri arasında Azərbaycanın xüsusi fəallığını qeyd edib.

Öz növbəsində, ÜGT-nin texniki eksperti Piter Timmermans “Konteyner Daşınmalarına Nəzarət üzrə Qlobal Proqram” layihəsinin əhəmiyyəti və perspektiv məsələlər barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbir iştirakçıları Astara Gömrük İdarəsinin iş prinsipi ilə tanış olublar.

Təlim kursunun birinci iş günündə “Konteyner Daşınmalarına Nəzarət üzrə Qlobal Proqram” layihəsi çərçivəsində 2015-ci ildə Azərbaycanda və Mərkəzi Asiyada görülən işlər, keçirilən tədbirlər və proqrama dair ümumi məsələlər müzakirə edilib.

Növbəti iş günlərində isə tədbirdə internetdən məlumat mənbəyi kimi istifadə, narkotik qaçaqmalçılığı zamanı istifadə olunan gizlətmə üsulları, ÜGT-nin “ContainerComm” mühafizə olunan əlaqə sistemi və s. məsələlərə baxılması nəzərdə tutulub.

Təlim kursu oktyabrın 30-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR