Meksikanın Azərbaycandakı səfirliyi bu ölkə ticarət missiyasının Azərbaycana səfəri çərçivəsində tekila içkisinin dequstasiyasını təşkil edib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Radriqo Lombardini Azərbaycanla Meksika arasında münasibətlərin günbəgün inkişaf etdiyini deyib. O bildirib ki, 1993-cü ildən 2014-cü ilə kimi iki ölkə arasında ticarət dövriyyəsinin orta göstəricisi 1,2 milyon dollar olduğu halda, 2015-ci ildən 2017-ci ilə kimi bu rəqəm 9,6 milyon dollara çatıb. Səfir qeyd edib ki, ölkəsi bu rəqəmi bu il 25 milyon dollara çatdırmaq niyyətindədir.
Səfirin sözlərinə görə, Meksikanın simvolu sayılan tekila Meksikanın dünyaya hədiyyəsi hesab olunur. O deyib ki, Meksika ticarət missiyası Azərbaycanda səfərdədir və bu missiyaya bir neçə tekila istehsalçısı və Milli Tekila Sənayesi Palatasının bir nümayəndəsi daxildir. Bir neçə gündür missiya Azərbaycanda məhsuldar görüşlər keçirir.
Daha sonra missiyaya daxil olan nümayəndələr istehsal etdikləri məhsulları təqdim ediblər. Qeyd olunub ki, Meksikada 1200 növ tekila istehsal edilir ki, onlardan yalnız 8-10-u Azərbaycana gəlir. Teklia Meksikada bitən Aqave bitkisindən hazırlanır. Meksikada tekila istehsalı ilə 140-a yaxın şirkət məşğul olur.