BDU-nun “Gənc İstedadlar” liseyində “Cavid gecəsi” adlı açıq dərs keçirilib

BDU-nun “Gənc İstedadlar” liseyində “Cavid gecəsi” adlı açıq dərs keçirilib
# 11 may 2016 13:53 (UTC +04:00)

Bakı – APA. Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində “Cavid gecəsi” adlı açıq dərs keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan liseyin rus dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səmayə Kərimova Azərbaycanın böyük şairi, dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında yeri və rolundan bəhs edib.

BDU-nun jurnalistika fakültəsinin radio və televiziya kafedrasının dosenti, cavidşünas Sevil Həsənova isə Cavid ədəbi məktəbinin Azərbaycan publisistikasındakı rolundan danışıb, şeirlərini oxuyub.

XI sinif şagirdlərinin böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib, “İblis”, “Qız məktəbində”, “Hüseyn Cavid” simfoniyası, “Cavid ömrü filminin treyleri” əsərlərinin videoçarxı təqdim olunub.

Sonda BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva çıxış edərək tədbirin təşkilini, o cümlədən şagirdlərin təqdimatını yüksək qiymətləndirib. O, bu səpkili tədbirlərin davamlı olmasını, rus bölmələrində Azərbaycan ədəbiyyatının tədrisinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, açıq dərsdə BDU-nun təbiət elmləri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, Rus dilçiliyi kafedrasının baş müəllimi Firavan Məmmədbəyli, Bakı Slavyan Universitetinin dosenti Sevinc Məmmədova, akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Boquş Darya iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR