V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində virtual jurnalistika və sosial şəbəkələrin rolu müzakirə edilib

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində virtual jurnalistika və sosial şəbəkələrin rolu müzakirə edilib
# 30 sentyabr 2016 14:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda Dəyirmi Masanın “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” adlı üçüncü paneli keçirilib.

APA-nın məlumatına görə, Dəyirmi Masanın bu panelinin moderatoru AzərTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov olub.

Paneldə çıxış edən Çilinin Anddres Belo Universitetinin professoru Marcos Belmor Borkoski Paes dinlərarası dialoqun zəruri olduğunu söyləyib. Türkiyənin “Anadolu” Agentliyinin informasiya kommunikasiyaları texnologiyaları şöbəsinin müdiri Yakup Şivka 2 ay əvvəl Türkiyədə FETÖ tərəfindən hərbi çevriliş cəhdi olduğunu və xalq tərəfindən hərbi çevriliş cəhdinin qarşısının alındığını xatırladıb. Şəhidlərə rəhmət, yaralılara şəfa diləyən Y. Şivka qeyd edib ki, klassik media oxucu ilə birtərəfli əlaqə saxlayıb: “İnformasiya texnologiyalarının inkişafı ilə yeni media yaranıb, ümumən media dəyişib. Əvvəllər xəbər qəzetdən vətəndaşa gedirdisə, indi xəbər həm də vətəndaşdan qəzetə gəlir. Əvvəllər xəbər istehsalı media şirkətlərinin əlində idisə, indi sosial mediada hər kəsin xəbər istehsal etmək imkanı var. Əvvəllər jurnalda bir ay əvvəlki xəbəri oxuya bilərdik, indi yeni mediada anında xəbəri oxuyuruq. Artıq vətəndaşın da media fəaliyyəti ilə məşğul olduğu dövrdəyik. Ona görə də media, jurnalist vətəndaşdan bir addım irəlidə olmalıdır. İndi yaxşı jurnalist olmağınız üçün yaxşı internet istifadəçisi olmağınız lazımdır. Jurnalistin günlərlə axtardığı xəbər sosial mediada bir anda ortaya çıxmaqdadır. Bu gün insanlar sosial media üzərindən qısa müddətdə kütləvi surətdə bir araya gələ bilir. Misir və Liviyada biz bunu gördük. Sosial mediada süzgəc yoxdur, hər cür xəbər var. Media sosial mediada obyektiv xəbər tapmalıdır. Media təsdiqlənməmiş xəbər yaymamalıdır. Araşdırmalar göstərir ki, gənc nəslin əksəriyyəti xəbəri sosial mediadan, yaşlı nəsil əsasən telekanallardan xəbər alır. Kompüter istehsal edildikdən sonra sürətlə həcmi azalmaqda, gücü artmaqda, qiyməti ucuzlaşmaqdadır. Gələcəkdə internetin olmayacağı yer qalmayacaq. Bu, jurnalistikaya yeni imkanlar açdığı kimi yeni təhdidlərə də yol açacaq”.

ABŞ Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altman sosial medianın yeni dialoq platforması yaratdığını vurğulayıb: “Bu da jurnalistikanın formatını dəyişir. Bu da jurnalistlər və oxucular arasında etimadı artırır. Bu gün 18-20 yaşlı gənclər xəbəri sosial mediadan əldə edir. Ənənəvi media sosial medianın imkanlarından yararlanmağı, “rəqs etməyi” bacarmalıdır. Məsələn, Azərbaycan tarixi, Qarabağla bağlı internetdə tarixi, mədəni məlumatları yayırıq. İnsanların siyasi məsələlərdən öncə mədəni məsələlər barədə məlumatlı olması obyektiv nəticə çıxarmalarına zəmin yaradır”.

Özbəkistan “Darakçi” Nəşriyyat Evinin redaksiya heyətinin müavini Rüstəmcon Cabbarov informasiya əsrində yaşadığımızı, informasiyanın yayılması sürətinin artdığını bildirib: “Əlişir Nəvai demişdi ki, əgər səndə məlumat varsa, idarə edirsən. Dörd əsr sonra həmin vaxt Böyük Britaniyanın baş naziri olan Çörçil də bəyan etdi ki, informasiyanın varsa, dünyanı idarə edə bilərsən. Dünən biz informasiya arxasınca qaçırdıqsa, bu gün informasiyadan qaçmağa çalışırıq. Biz gəncləri sosial media şəbəkələrindən bir qədər aralamalı, intellektual inkişaflarına xüsusi diqqət yetirməli, düzgün və qeyri-düzgün məlumatları bir-birindən ayırmağa çağırmalıyaq”.

Misirin “Ruz el-Yusif” qəzetinin müxbiri Ahmed Tarabeik, Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova sosial medianın önəmini vurğulayıb. Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova sosial medianın hər bir kəsə özünü jurnalist kimi aparmağa imkan yaratdığını qeyd edib. Ş. Həsənova “Vikipedia” vasitəsi ilə məqsədli olaraq dövlətlərin tarixinə, mədəniyyətinə təcavüz edildiyini də vurğulayıb.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR