Səhiyyə Nazirliyi: 2016-cı ildən sertifikasiya imtahanı bir mərhələdə aparılacaq

Səhiyyə Nazirliyi: 2016-cı ildən sertifikasiya imtahanı bir mərhələdə aparılacaq
# 11 dekabr 2015 10:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 371 nömrəli qərarına əsasən Müsahibə mərhələsi aparılmayacaq.

Bildirilib ki, sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla iki hissəyə (test və klinik tapşırıq) bölünəcək: “İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunacaq. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. Klinik tapşırıq səhiyyə mütəxəssislərinin klinik məntiqini, konkret verilmiş halda klinik qərar vermə qabiliyyətini müəyyən etməyə imkan yaradan tapşırıqlardır”.

Qeyd olunub ki, imtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR