IDEA-nın təşəbbüsü ilə Badamdarda ağacəkmə aksiyası keçirilib

IDEA-nın təşəbbüsü ilə Badamdarda ağacəkmə aksiyası keçirilib
# 08 dekabr 2015 11:58 (UTC +04:00)

Bakı-APA. IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində Bakı şəhərinin Badamdar qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

APA-nın xəbərinə görə, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 18 mart 2015-ci il tarixində start verilib.

Layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən ASAN Xidmət Mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılıb. Bununla yanaşı, “Azersun” şirkəti tərəfindən 300 kq-dan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir.

Layihəyə əsasən hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılıb. Ümumilikdə layihə çərçivəsində bu günə qədər 150 tona yaxın kağız tullantısı toplanaraq, təkrar emala göndərilib ki, bunun da müqabilində Bakı şəhərində 3000 ağac əkilib.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə təşkil edilən bu ağacəkmə aksiyasında 100-ə yaxın gəncin iştirakı ilə Xan çinarı, Zeytun, İydə, Sərv, Şam, Göyrüş, Yapon naznazı, Oleandr, Ərküdə, Akasiya cinslərindən olmaqla, ümumilikdə 1500 ədəd ağac əkilib.

IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır. Belə ki, təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi tərəfindən həyata keçirlən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan artıq ağacın əkilməsinə nail olub.

“Hər kağızı bir yarpağa dəyişək” layihəsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR