İsmayıllıda selin Oğuz-Qəbələ-Bakı su kəmərinə yaratdığı təhlükə aradan qaldırılıb

İsmayıllıda selin Oğuz-Qəbələ-Bakı su kəmərinə yaratdığı təhlükə aradan qaldırılıb
# 13 iyun 2016 09:08 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllıda güclü selin yaratdığı təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev APA-nın yerli bürosuna bildirib ki, 12 iyun 2016-cı il tarixdə sel suları Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrlik hissəsində torpaq qatını yuyaraq onun üstünü açıb.

Kəmərə təhlükə yaransa da, dərhal əraziyə cəlb olunan ağır texnika və işçi qüvvəsinin köməyi ilə selin istiqaməti dəyişdirilib və kəmər seldən mühafizə olunub. Rayon ərazisinə yağan güclü leysan və dolu elektrik, təbii qaz, yol və digər kommunal təsərrüfatlarına, eləcə də kənd təsərrüfatına ciddi ziyan vurub. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci kilometrliyindən 23-cü kilometrliyinə qədər olan hissəsində olan körpülər, suötürücüləri və yol təsərrüfatına aid olan bütün qurğular sel sularının gətirdiyi daş-çınqıl, ağac kötükləri və torpaq lili nəticəsində yararsız vəziyyətə düşüb.

R. Ağayevin sözlərinə görə, rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində kəndlərə qaz verilişi dayanıb. Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb. Əhən kəndinə gedən yolu sel suları dağıdıb.

Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələfatı var. Ümumilikdə rayonda ilkin hesablamalara görə, 500-ə yaxın ev quşunun, 20-ə yaxın xırda və iribuynuzlu heyvanın tələf olduğu bildirilir.

Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür, kəndlərə elektrik enerjisinin və təbii qazın verilməsi üçün briqadalar hadisə yerində işə cəlb olunub.

Hazırda İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, eləcə də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda təbii fəlakətin baş verdiyi əraziyə baxış keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR