Azərbaycanda 9 illik bazadan kolleclərə ixtisas seçimi başlayıb

Azərbaycanda 9 illik bazadan kolleclərə ixtisas seçimi başlayıb
# 08 iyul 2016 08:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlayıb və proses iyulun 18-dək davam edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2015-ci ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər isə “qabiliyyət imtahanına buraxılış vərəqi”ni bu linkdən (https://eservices.tqdk.gov.az/erizetex/qabiliyyetbv/?frm=egov) çap edib götürə bilərlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR