8 ölkə OPEC-in aprelin 17-də keçiriləcək iclasında iştirakını təsdiqləyib

8 ölkə OPEC-in aprelin 17-də keçiriləcək iclasında iştirakını təsdiqləyib
# 26 mart 2016 09:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) aprelin 17-də keçiriləcək iclasına təşkilata üzv olmayan dövlətlər də dəvət edilib.

APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd bin Saleh Əl-Sada məlumat verib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinə dəstək məqsədi ilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair razılığın əldə edilməsi üçün Qatar OPEC-ə üzv olan bütün ölkələri, ö cümlədən təşkilata üzv olmayan, əsas neft istehsalçıları olan dövlətləri aprelin 17-də keçiriləcək danışıqlarda iştirak etməyə dəvət edib: “Bu, ötən ay Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında görüşün davamı olaraq keçirilir. Bildiyiniz kimi, bu ölkələr neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaqla bağlı təklif irəli sürüblər və digər neft ölkələrini də bu qərara qoşulmağa çağırıblar. Ötən həftə OPEC-ə üzv olan və olmayan, neft hasilatında 73% paya sahib olan 15-ə yaxın ölkə bu qərarı dəstəklədiklərini qeyd ediblər”.

OPEC-in iclasına dəvət məktubunda bazarda balansın və dünya iqtisadiyyatının bərpa edilməsinin təcili məsələlərdən olduğu vurğulanıb.

Yeri gəlmişkən, indiyə qədər İraq, Küveyt, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiya OPEC-in iclasına qatılacağını bəyan edib. Əlcəzair, Anqola, Ekvador və İndoneziyanın təşkilatın iclasına qatılacağı gözlənilir. İran, Meksika, Qazaxıstan, Oman, Norveç və Azərbaycan hələlik OPEC-in aprelin 17-də keçiriləcək iclasında iştirak edib-etməyəcəkləri ilə bağlı qərar verməyiblər.

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak Tehrandakı danışıqlardan sonra bəyan edib ki, uzunmüddətli sanksiyalardan sonra hasilatın həcmini artırmaq hüququna malik İran istisna olmaqla apreldə hasilatın dondurulması ilə bağlı saziş imzalana bilər.

Qeyd edək ki, Küveyt daxil olmaqla, İranın bu sazişə qoşulmamasının əleyhinə olan ölkələr də var. Bu ölkələrin rəsmilərinin fikrincə, tələbin az olduğu bir şəraitdə İran tərəfi hasilatı dondurmayacağı təqdirdə dünya neft bazarında əsaslı dəyişiklik olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR