"Azərsu"nun sədri enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması ilə bağlı göstəriş verib

"Azərsu"nun sədri enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması ilə bağlı göstəriş verib
# 01 fevral 2016 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC-də 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, iclası giriş sözü ilə açan ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2015-ci ildə Azərbaycanda dinamik inkişaf təmin olunub. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib. Ötən il içməli su təchizatı və kanalizasiya sektorunda da mühüm layihələr həyata keçirilib, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb: "Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilib. Görülmüş tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2%-ə yüksəlib".

Ötən il cəmiyyət üçün ən əlamətdar hadisə prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Yeni kompleksin istismara verilməsindən sonra Türkan və Zirə qəsəbələrinə içməli suyun verilməsinə başlanılmış və sakinlər bu mənbə hesabına daha keyfiyyətli su ilə təmin olunur.

2015-ci ildə Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb, Badamdar və Nardaran qəsəbələrində yeni layihələrin icrasına başlanılıb. Hesabat ilində 14 km-lik Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tuneli tikilib, Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılıb. I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölünün, Su idman sarayının ətrafında və digər ərazilərdə, həmçinin Mingəçevir şəhərində su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri həyata keçirilib.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramı”na uyğun olaraq regionlarda yeni layihələr həyata keçirilib. 2015-ci ildə Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilib istismara verilib. Ötən il Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb.

Hesabat dövründə 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkilib, 35 su anbarı və 12 su və kanalizasiya nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 52 mini smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb.

İl ərzində istehlakçılara 289 mln. kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4% artaraq 93,6%-ə yüksəlib, abonent sayı 56 min artaraq 1 mln. 377 minə çatıb.

Təlim-Tədris Mərkəzinin, Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyasının fəaliyyətə başlaması, Mərkəzi Laboratoriyanın akkreditasiya sertifikatı alması ilin əlamətdar hadisələri kimi qeyd olunub. Ötən il “Azərsu” Böyük Britaniyanın Biwater və onun yerli tərəfdaşı “Nobel Oil” şirkətləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq sazişləri imzalayıb. 2015-ci ildə Koreyada keçirilmiş VII Dünya Su Forumunda “Azərsu” nümayəndə heyətinin iştirakı və Dünya Su Şurası İdarə Heyətinə üzvlük beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar olub.

Daha sonra “Azərsu” sədrinin istismar üzrə müavini Köçərli Həsənov, iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, tikinti üzrə müavini Seymur Seyidov, İnformasiya-kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəis müavini Zahid Qasımov, Suraxanı rayon Sukanal İdarəsinin rəisi Əbülfəz Kərimzadə hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2015-ci ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

Q. Hüseynov iclasa yekun vuraraq, cəmiyyətin 2015-ci il üzrə fəaliyyətini qənaətbəxş hesab edib, 2016-cı ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən ASC-nin sədri tikinti-quraşdırma işlərinin qısa müddətdə və keyfiyyətlə aparılmalı olduğunu diqqətə çatdırıb.

Cəmiyyətin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. Qeyd olunub ki, rayon sukanal idarələrində müştəri informasiya sistemlərinin yaradılması müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.

"Azərsu" sədri idarə müəssisələrin təsərrüfat-maliyyə göstəriciləri barədə ümumi məlumat verib, ayrı-ayrı sahələr üzrə irəliləyişlərə və nöqsanlara toxunub. İclasda fəaliyyətində nöqsanlara yol vermiş idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıqlar edilib, enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması, əmək məhsuldarlığının və təşəbbüskarlığın artırılması ilə bağlı göstərişlər verilib.

Qeyd olunub ki, 2016-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışları, Dünya şahmat olimpiadası və digər beynəlxalq tədbirlərlə əlaqədar "Azərsu" nəzərinə düşən vəzifələrin icrasını təmin edəcək, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunmasını diqqətdə saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR