BANM-da Milli Qurtuluş günü qeyd olunub

 BANM-da Milli Qurtuluş günü qeyd olunub
# 15 iyun 2016 09:27 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BANM-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ali Məktəbin rektoru Elmar Qasımov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

O, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu olduğunu qeyd edib.

Rektor bildirib ki, müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə nəsib olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir.

E.Qasımov ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu vurğulayıb.

"Ulu öndərin bu müdrik addımı ölkədə sosial-iqtisadi və siyasi inkişafın əldə olunmasında, dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısını almasında böyük rol oynayıb", - deyə o bildirib.

Rektor həmçinin qeyd edib ki, Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirib.

Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən E. Qasımov Azərbaycan prezidenti İlham Əliyevin bu ideyaların uğurlu davamçısı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR