AFFA 5 klubu cəzalandırıb

AFFA 5 klubu cəzalandırıb
# 20 oktyabr 2015 09:59 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VIII turu və Azərbaycan kubokunun 1/16 final mərhələsinin qarşılaşmalarında baş verənlər müzakirə olunub. Komitə bu yarışlarda 5 klubun cəzalanmasına qərar verib.

“Rəvan” – “Kəpəz” matçında ikinci sarı vərəqə alıb, meydandan qovulan hər 3 futbolçunun cəzası eyni olub. Belə ki, “Rəvan”ın üzvləri Orxan Lalayev, Kənan Manafov və Novruz Məmmədov bir matçlıq kənarlaşdırılıb. Paytaxt təmsilçisi bu oyunçuların hərəsi üçün 200 manat cərimə ödəyəcək.

Gəncə təmsilçisi isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimələnib. “Neftçi” ilə səfər oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” isə 100 manat ziyana düşüb.

Ölkə kubokunun 1/16 final mərhələsinin MOİK – “Turan Tovuz” matçında hər iki komanda cəzalanıb. Meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə olunub. Qonaqların futbolçusu Qüvvət Əmrahov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və komandasını 20 manat xərcə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR