Dövlət sifarişi ilə alınacaq ərzaq məhsullarının qiyməti topdansatış bazar qiymətlərindən aşağı olmayacaq

Dövlət sifarişi ilə alınacaq ərzaq məhsullarının qiyməti topdansatış bazar qiymətlərindən aşağı olmayacaq
# 12 aprel 2016 09:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət sifarişi ilə istehsalçılardan alınacaq ərzaq məhsullarının qiyməti həmin vaxt üçün topdansatış bazar qiymətlərindən aşağı olmayacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”da əksini tapıb.

Bu Qayda dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasını tənzimləyir. Bu Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müyyənləşdirməkdir.

Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir . Respublikasının Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir. Satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparırlar. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır. Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün rayon və şəhər idarələri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Kənd Təsərrüfatı Nazirliyinə və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları həmin məhsulları təqdim etmək niyyəti (öz istəyi ilə təklif etdiyi qiymət) barədə hər il sentyabrın 1-dək bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verir və nazirlik 2 (iki) iş günü müddətində həmin satıcının adı və təklif etdiyi məhsullar barədə məlumatı (qiymət təklif edildiyi halda qiyməti də) elektron portalda yerləşdirir.

Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satınalan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Maliyyə Nazirliyinin müəyyən etdiyi formada Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir. Satınalan təşkilatlar imzalanmış müqavilənin bir nüsxəsini və avans məbləğinin ödəniş tapşırığını dövlət xəzinədarlıq orqanlarına hər il oktyabr ayının 5-dək təqdim edirlər. Qeyd olunan sənədlər dövlət xəzinədarlıq orqanlarına elektron qaydada da təqdim oluna bilər. Dövlət xəzinədarlıq orqanları hər il oktyabrın 10-dək avans məbləğini satınalan təşkilatların hesabına köçürürlər. Satınalan təşkilatlar növbəti ildə alınacaq ərzaq məhsulları üçün ayrılmış vəsaitləri cari ilin oktyabrın 20-dək tədarük və təchizat agentinin hesabına köçürürlər. Tədarük və təchizat agentinin istehsalçılardan və ya satıcılardan aldığı ərzaq məhsullarının faktiki idxal qiymətlərinə (idxal rüsumları nəzərə alınmaqla) tətbiq edilən ticarət əlavəsi 20%-dən çox ola bilməz.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 11 aprel tarixli sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR