Tiflisdə “Muzey Gecəsi” keçirilib

Tiflisdə “Muzey Gecəsi” keçirilib
# 21 may 2016 22:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunan “Muzey Gecəsi” adlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, muzeyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən xalça və rəsm dərnəklərinin gənc üzvlərinin toxuduğu xalçalar və rəsm əsərlərinin sərgisi, Azərbaycan mədəniyyət tarixini, adət-ənənələrimizi özündə əks etdirən folklor nümunələri, uşaqların “Muzey Gecəsi”ndə çəkdiyi rəsmlər nümayiş olunub.

Tədbiri Azərbaycanın Abşeron rayonunun Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivi “Qarabağ” mahnısı ilə açıb. Sonra məktəbin gənc xanəndələri müxtəlif musiqi nömrələri ilə çıxış edərək Azərbaycan muğamlarını, həmçinin bəstəkarlardan Üzeyir Hacıbəyovun, Ələkbər Tağıyevin, Tofiq Quliyevin və Rauf Hacıyevin mahnılarını səsləndiriblər. Tədbirdə məktəbin nağaraçı ansamblı da musiqi nömrələri ilə çıxış edib. Borçalı aşığı Nargilə Mehdiyeva aşıq mahnılarını, Tiflisdəki “Ceyran” folklor ansamblının kiçik üzvü “Turacı” rəqsini ifa ediblər.

Qeyd edək ki, “Muzey Gecəsi” gecə saatlarında başlayıb və 09.00-dan gecə saat 01.00-dək davam edəcək.

Gürcüstan Mədəniyyət Nazirinin müavini Levan Xaraişvili jurnalistlərə açıqlamasında “Muzey Gecəsi” tədbirinin keçirilməsi ilə fəxr etdiyini bildirib: “Biz fəxr edirik ki, bu gün Tiflisdəki Azərbaycanın Mədəniyyət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunan zəngin proqramlı tədbir keçirilir. Bu, ən gözəl tədbirdir. Biz birlikdə “Muzey Gecəsi”ni qarşılayacağıq.

Belə bir tədbir Gürcüstan tarixində heç vaxt təşkil olunmayıb. Bu gün ilk dəfə olaraq keçirilən bu tədbir bizim üçün xüsusi bir tədbirdir. Biz öz evimizdəyik və bura gələn qonaqları “Muzey Gecəsi”ndə xoş üzlə və Azərbaycan musiqilərinin incə səsi ilə, həmçinin gürcü və Azərbaycan rəqsləri ilə qarşılayacağıq”, -deyə nazir müavini bildirib.

İngiltərədən gələn və mədəniyyət muzeyində Azərbaycan dilini öyrənən Deni Duli APA-ya açıqlamasında Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbirdə ilk dəfə iştirak etdiyini bildirib: “Mən həyat yoldaşım Keti ilə birgə ilk dəfə belə maraqlı tədbirdə iştirak edirəm. Bizim üçün olduqca sirli-sehrli bir tədbir oldu. Mən hələ belə bir maraqlı sərgi ilə rastlaşmamışam.

Doğrudan da Azərbaycan mədəniyyəti zəngindir. Biz burada Azərbaycan muğamının gözəlliyini duyduq. Mən Azərbaycan musiqisinin gözəlliyinə bir daha inandım. Sərginin təşkilatçılarına təşəkkürümü bildirirəm”, -deyə D. Duli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR