Türkiyəli şair “Homer” qızıl medalına layiq görülüb

Türkiyəli şair “Homer” qızıl medalına layiq görülüb
# 29 sentyabr 2016 00:19 (UTC +04:00)

İstanbul. Mayıs Əlizadə-APA. Poeziya və tərcümə sahəsində Avropanın "Homer" qızıl medalı Türk şair-tərcüməçi, professor Ataol Bəhramoğluna verilib.

APA-nın məlumatına görə, medalın təqdimat mərasimi İstanbulun Şişli rayonundakı Nazim Hikmət kültür və sənət evində keçirilib.

“Homer” qızıl medalının təqdimat mərasimindən əvvəl jurnalist Nəbil Özgəntürkün Ataol Bəhramoğlu barədə hazırladığı sənədli film nümayiş etdirilib. Mərasimdə çıxış edən “Homer” mükafatı şurasının sədri, Polşalı şair-tərcüməçi Dariusz Lebioda mükafatın ədəbiyyat, incəsənət və tərcümə sahəsində dünya miqyasında uğurlar qazanmış söz və fırça ustalarına verildiyini deyib. Dariusz Lebioda ədəbiyyat və tərcümə sahəsində Ataol Bəhramoğlunun dünyada çox tanınan bir qələm sahibi olduğunu vurğulayıb.

Şişli bələdiyyə başqanı Hayri İnönü isə “Homer” medalının Ataol Bəhramoğluna verilməsinin önəmli bir hadisə olduğunu deyib. Baş qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən "Homer" mükafatı şurasında bu ölkələr təmsil edilir: ABŞ, Belçika, Almaniya, Polşa, İtaliya, Fransa ,Bolqarıstan, Braziliya, Peru, Mərakeş,Yaponiya, İsrail və Çin. “Homer” mükafatının bu ilki ikinci qızıl medalı Çinli şairə Zhao Siye verilib. İstanbuldakı təqdimat mərasimində Si də iştirak edib.

Mərasimdən sonra APA-nın “Sizi Azərbaycanla sıx yaradıcılıq əlaqələri bağlayır. “Homer” qızıl medalı almağınız münasibəti ilə Azərbaycan oxucularına hansı mesajı vermək istərdiniz?”- sualına Ataol Bəhramoğlu bu şəkildə cavab verib: “Türkiyənin xoşbəxtliyi Azərbaycanın xoşbəxtliyi deməkdir. Eyni zamanda, Azərbaycanın xoşbəxtliyi Türkiyənin xoşbəxtliyidir. Mən Azərbaycan mənşəli Türkəm, o baxımdan bu mükafat məni ikiqat sevindirdi. Azərbaycandakı bütün dostlarıma-qardaşlarıma sizin vasitənizlə ürəkdən salamımı göndərirəm”

Qeyd edək ki, müasir Türk ədəbiyyatının öncül simalarından olan Ataol Bəhramoğlu indiyə qədər 20 nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR