İctimaiyyətlə əlaqələrin (PR) önəminə dəyər verən neçə şirkət var? - RƏY

İctimaiyyətlə əlaqələrin (PR) önəminə dəyər verən neçə şirkət var? - <span style="color: red;">RƏY
# 16 fevral 2016 12:22 (UTC +04:00)

Səmayə Məmmədova, Gənclər və İdman Nazirliyinin mətbuat katibi

“Bir nəçə dəqiqə və ya saat ərzində nə deyib, etdiyin sənin uğurun və ya uğursuzluğun arasında fərq yarada bilər”. (Bland 2002)

Bu gün cəmiyyəti, biznes sektorunu və ya hər hansı bir şirkəti ictimaiyyətlə əlaqələrsiz, daha doğrusu PR-sız təsəvvür etmək mümkün deyil. Əslində PR menecer şirkətin tərəfdaşları, əməkdaşları, üzvləri arasında bir körpüdür desək, yanılmarıq.

Daha təsirli sözlərdən istifadə etsək, o zaman PR meneceri şirkətin siması, şah damarı da adlandırmaq olar. Çünki məhz bu seçilmiş şəxs, şirkətin özəl və ya dövlət, hökumət və ya qeyri-hökumət qurumu olmasından asılı olmayaraq, daha çox hallarda qurum adından media önünə çıxan, açıqlama verəndir. Məhz PR menecer şirkətlə bağlı mətbuatda baş qaldıra biləcək hər hansı neqativ olayla bağlı sızmış xəbərin öncədən qarşısını almaq gücünə malik, şirkətin nüfuzunu formalaşdıran, şirkətdə yaradıcılıq potensialını artıran şəxsdir. İngilislərin deyimi ilə desək, əslində PR menecer birdən-birə başında bir neçə papaq gəzdirən insandır - o həm jurnalist, həm satıcı, həm də sosioloqdur.

Təbii ki, burada söhbət mediaya, ictimaiyyətlə ünsiyyətə açıq və ümumilikdə yuxarıda qeyd edilənləri anlayan qurumlardan gedir. Çünki şirkətin mediada və ictimaiyyətdə olan nüfuzunun formalaşmasında məhz həlledici rollardan birini PR menecer oynayır. İngiltərənin nüfuzlu Sertifikatlaşdırılmış İctimaiyyətlə Əlaqələr İnstitutu (Chartered İnstitute of Public Relations, CİPR) araşdırmalarında qeyd edir ki, PR sənin nə etdiyinin, nə dediyinin, başqa sözlə desək, başqalarının sənin haqda nə dediyinin (düşündüyünün) nəticəsidir. Məhz bu məqamda PR mütəxəssisləri Center və Broomun (“Effective Public Relations” – “İctimaiyyətlə Effektiv Əlaqələr” kitabının müəllifləri) PR menecer haqda olan fikirlərini xatırlatmaq yerinə düşər: “Effektiv PR əslində elə bir menecment funksiyasıdır ki, burada nəticə etibarilə uğur və tənəzzül şirkət (qurum) və onun üzvlərinin qarşılıqlı və produktiv əməkdaşlığından asılıdır”.

Hələ 1976-cı ildə PR üzrə mütəxəssis Harlow 1900-1976-cı illər arası PR-ın 472 izahını topladığını bəyan etdi. Bu 472 izahı oxumaq imkanı olmasa da, digər PR mütəxəssislərinin də ümumi və son rəyi bu fikrə gəlməyə imkan verir ki, qurumun hansı şəkildə və ya hansı gərginlikdə işləməsindən asılı olmayaraq, məhz onun reputasiyasını və uğurunu müəyyən edən sahə PR-dır. Anne Gregory (“Planning and managing Public Relations Campaigns” - “PR kampaniyalarının planlaşdırılması və idarə edilməsi” kitabının müəllifi) bildirir ki, əgər kompaniyanın yaxşı reputasiyası varsa, o zaman insanlar onun:

- Məhsullarından istifadə edəcəklər

- Səhmlərini alacaqlar

- Reklamına inanacaqlar

- Onun üçün işləməyə çalışacaqlar

- Digərləri ilə eyni iş şəraitində belə onunla çalışmağa daha çox üstünlük verirlər

- Çətin zamanlarda ona dəstək olacaqlar

- Yüksək maddi yatırım edəcəklər.

Bu məqamda bir qədər haşiyəyə çıxaraq PR sahəsindən anlayışı olmayan insanlar üçün qısaca məlumat vermək yerinə düşər. PR-a media əlaqələrinin qurulması, çıxışlar, press konfranslar, kreativ layihələr, uzun və qısamüddətli proyektlər, bir sıra kampaniyalar və s. daxildir. Lakin uzun və qısamüddətli layihələri kənara qoyaq və sadəcə bir sual verək: bu gün neçə şirkət rəhbəri PR menecer funksiyasının qurum üçün əhəmiyyətini anlayır? Əslində bu sualı bir qədər fərqli də qoymaq olar: Media ilə işin önəmini anlayan nə qədər qurum var?

PR mütəxəssisi olan Frank Jefkins (“İctimaiyyətlə Əlaqələrin Texnikaları”, “İctimaiyyətlə Əlaqələr” və s. kitabların müəllifi) əslində bu suala belə cavab verib: PR: düşmənçiliyi simpatiyaya, mənfi rəyi qəbul edilməyə, apatiyanı marağa, savadsızlığı isə biliyə çevirən sahədir. Əslində son zamanlar bir sıra qurumların medianın sərt və tənqidi qələminə tuş gəlməsinə və sonda hədəfə çevrilməsinə səbəb zamanında yaxşı əlaqələr qurmaq vərdişlərinə malik ünsiyyətçi PR menecer postuna diqqət ayırmamaları olub. Bu zaman başqa sual meydana çıxa bilər: qurumun rəhbəri mediaya açıq adam deyil, yaxud “PR menecer” adlanan şəxs bu sahənin özəlliyini və dərinliyini bilmir?

Dəqiq deyə bilməyəcəyəm. Amma iş təcrübəmdən və gördüklərimdən gəldiyim qənaət budur ki, bəzən qurum rəhbərinin mediaya açıq olmaması və sualları bilərəkdən cavablandırmaq istəməməsi özünə PR menecer deyən şəxsə daha çox sərf edir. Çünki mediaya verilən bir cavab olur - “inanın, mənlik deyil”. Əslində isə qurumun media ilə əlaqəsinin qurulmasında əsas faktorlardan biri də PR menecerin rəhbəri inandırmaq bacarığı olmalıdır. Bu isə başqa bir yazının mövzusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR