Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda müşavirə keçirilib

Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda müşavirə keçirilib
# 30 iyun 2016 15:42 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar - müşavirə keçirilib.

Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya bildirilib ki, Bakı şəhərinin Binəqədi, Xətai və Nizami rayon prokurorlarının, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə istehsal olunan “Fitnə” filmi nümayiş etdirilib.

Sonra RİH başçısı Xaləddin İsgəndərov seminar-müşavirənin proqramı haqqında məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Sədr müavini diqqəti din pərdəsi altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov çıxış edərək bildiriblər ki, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır.

Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şabala Əliməmmədov bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub.

Xaləddin İsgəndərov yekunda bildirib ki, dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Əsrlərdir Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qardaşlıq şəraitində yaşayıb və dini zəmində heç bir qarşıdurma olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR