Gəncədə “Kitabevim.az” mağazalar şəbəkəsinin şöbəsi açılacaq

Gəncədə “Kitabevim.az” mağazalar şəbəkəsinin şöbəsi açılacaq
# 23 fevral 2016 11:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gəncədə “Kitabevim.az” mağazalar şəbəkəsinin şöbəsi açılacaq. Şəbəkənin icraçı direktoru Emin Sadıqovun APA-ya verdiyi məlumata görə, Gəncə şöbəsi də Bakıdakı konsepsiya ilə işə başlayacaq: "Mağazada müxtəlif dillərdə minlərlə kitab tapmaq mümkün olacaq. Kitabların satışından əlavə “Kitabevim.az” kitab marketində oxucu klubu və oxucular tərəfindən təmin olunan “Qoy-götür” guşəsi də təşkil ediləcək. Həmin guşədə şəxsiyyət vəsiqəsi təqdim etməklə, hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək mümkün olacaq. Layihənin məqsədi kitab satışından çox, mütaliənin təbliğatını həyata keçirməkdir. Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub. Bu guşəyə yerləşdirilən kitablar isə maya dəyərinə satılacaq".

Emin Sadıqov əlavə edib ki, mağazada “imza günləri” keçirmək üçün geniş guşə də nəzərdə tutulub: "Bu guşədə həmçinin müxtəlif seminarlar, diskussiyalar və yazarların oxucularla görüşləri təşkil olunacaq. “Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılıb. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılacaq. Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyələr və güzəştli faizlərlə kitab almağa imkanı verən güzəşt kartları da nəzərdə tutulub".

Kitab mağazasının açılış günündə Gəncə sakinləri bütün kitablara 20-30 faiz endirimdən yararlana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR