DSMF və Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələr aparılıb

DSMF və Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələr aparılıb
# 01 fevral 2016 14:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilib.

Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Mohammed El Qorçinin rəhbərlik etdiyi missiya ilə Azərbaycanda pensiya islahatları və sığorta-pensiya sisteminin perspektiv inkişaf hədəfləri müzakirə olunub. Görüşdə DSMF sədri Elman Mehdiyev fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

E. Mehdiyev bildirib ki, müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet kimi təyin olunub, ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını əhəmiyyətli şəkildə yüksəldilib. İqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb. Bu artımların, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2015-ci ildə 5,1%-ə çatıb.

Fondun sədri vurğulayıb ki, bu gün ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir və bunu ötən dövrdəki fəaliyyət göstəriciləri bir daha təsdiq edir.

“Bütün bunlarla yanaşı, dünyanın sosial-iqtisadi mənzərəsində baş verən dəyişikliklər müasir çağırışları şərtləndirir və əldə olunmuş inkişafın yeni mərhələdə daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin reallaşdırılması zərurətə çevrilir. Göstərilənlərlə əlaqədar Azərbaycanın milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası” sığorta-pensiya sistemini iqtisadiyyatın mühüm həlqəsi kimi nəzərdən keçirir, dövlət və özəl pensiya sistemləri ilə maliyyə bazarları arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsini növbəti mərhələdə əsas prioritet kimi müəyyənləşdirir. Bunların nəticəsi kimi perspektiv dövrdə pensiya islahatları bir tərəfdən mühüm maliyyə-iqtisadi vəzifələrin həllinə, digər tərəfdən isə bilavasitə pensiya təminatı problemlərinin tənzimləməsinə xidmət edəcək”, - deyə E. Mehdiyev bildirib.

Mohammed El Qorçi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.

Görüşdə BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR